×
A
A
A
Sazlamalar

Balakəndə “Külə dönmüş arzular” tamaşası nümayiş olunub

Balakən, 25 may, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayon Mədəniyyət Mərkəzində rayon icra hakimiyyətinin və təhsil sektorunun dəstəyi ilə narkomaniyanın fəsadlarından bəhs edən “Külə dönmüş arzular” tamaşası hazırlanıb. Pakizə Hüseynova və Mirzəağa Məmmədovun ssenarisi əsasında səhnələşdirilən tamaşaya Mədəniyyət Mərkəzinin əməkdaşı Zöhrə Bakayeva quruluş verib.
Mədəniyyət Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, kollektiv bu tamaşa ilə rayonun kəndlərində yeniyetmə və gənclər qarşısında çıxış etməyi planlaşdırır. İlk tamaşa Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Balakən rayon komissiyasının təşkilatçılığı ilə M.Müşfiq adına Gərəkli kənd tam orta məktəbində reallaşıb.
Tamaşadan əvvəl Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon komissiyasının sədri Turan Dibirov çıxış edərək, əsrin bəlasına çevrilmiş narkomaniyanın fəsadlarından, bu qorxulu bəlaya qarşı aparılan mübarizə tədbirlərindən danışıb. Qeyd olunub ki, sağlam həyat tərzinin təbliği, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, asudə vaxtlarının səmərəli təşkili, sağlamlıq və yaradıcılıq fəaliyyətlərinin genişləndirilməsi daim diqqət mərkəzində saxlanılmalıdır. Bu işdə maarifləndirmə tədbirlərinin rolu böyükdür.
Sonra iştirakçılara Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Balakən rayon komissiyası tərəfindən hazırlanmış bukletlər təqdim olunub.
Tamaşada rolları Mədəniyyət Mərkəzinin dram dərnəyinin üzvləri ifa ediblər.

Regionlar 2023-05-25 12:35:00