×
A
A
A
Sazlamalar

UNESCO-nun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə daha 64 nümunə daxil edilib

Bakı, 25 may, AZƏRTAC

UNESCO İcraiyyə Şurasının qərarı ilə Dünya Yaddaşının Beynəlxalq Reyestrinə daha 64 sənəd və irs nümunəsi daxil edilib. Beləliklə, siyahıya alınan kolleksiyaların sayı 494-ə çatıb.
AZƏRTAC təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, reyestrə daxil edilən yeni nümunələr arasında Azərbaycan və türk tarixinə aid irs əsərləri və sənədlər də var. Onların arasında “Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu”, Qacarlar hakimiyyəti dövründə beynəlxalq münasibətlərə dair sənədlər, Şeyx Səfiəddin Ərdəbili türbəsinin kitabları, türkmən, qırğız və özbək xalqlarının əlyazma və qədim irs yadigarları da var.
Yeni qərarla bağlı fikirlərini ifadə edən UNESCO-nun baş direktoru Odri Azulay deyib: “Sənədli irs bəşəriyyətin ümumi yaddaşıdır. Yazılı və səsli irs nümunələri tədqiqat məqsədləri üçün qorunmalı və mümkün qədər çox insanla paylaşılmalıdır. Bu sənədlər bizim kollektiv tariximizin tərkib hissəsidir”.
UNESCO tərəfindən 1992-ci ildən həyata keçirilən “Dünya yaddaşı” proqramının əsas məqsədi kağız üzərində, audiovizual, rəqəmsal və ya hər hansı digər formada mühüm və böyük dəyərə malik sənədlər və ya sənədlər kolleksiyalarının geri qaytarıla bilməyən itkisinin qarşısını almaqdır. Təşkilata üzv ölkələr arasında 2017-ci ildə yaranmış fikir ayrılığı səbəbindən Dünya Yaddaşının Beynəlxalq Reyestrinə sənədlərin daxil edilməsi prosesi dayandırılmışdı və bu il mayın 24-də UNESCO İcraiyyə Şurasının qərarı ilə altı il davam edən fasilədən sonra reyestrə 64 sənəd salınıb. Bunu alqışlayan təşkilatın baş direktoru Odri Azulay qeyd edib ki, üzv ölkələr bu prosesə böyük maraq göstərib. Belə ki, 56 ölkə və təşkilatın bu yeni əlavələri ilə indi reyestrdə dünyanın bütün regionlarından 494 sənədli irs kolleksiyası var. Daşdan sellüloidə, perqamentdən metal disklərə qədər müxtəlif formalarda saxlanılan bu ümumbəşəri dəyərə malik simvolik irs nümunələri indi gələcək nəsillər üçün qorunur.
UNESCO bildirir ki, sənədli irs nümunələri bütün dünyada təhlükə altındadır. Dünyanın bir çox yerlərində, xüsusən də inkişaf etməkdə olan ölkələrdə sənədli arxivlər bərbad vəziyyətdədir. Daşqınlar və yanğınlar illər ərzində minlərlə kağız qeydləri məhv edib, audiovizual materiallar yoxa çıxıb. Maqnit lentləri zaman keçdikcə pisləşir və onları oynada bilən cihazlar sıradan çıxır. Bu materialları qorumaq və rəqəmsallaşdırmaq üçün kollektiv səylərə ehtiyac duyulur, əks halda, onlar həmişəlik itirilə bilər. UNESCO bu məqsədlə Afrika ölkələrində kitabxanalara, arxivlərə və muzeylərə dəstək verir.
Son üç onillikdə UNESCO 94 ölkədə “Dünya yaddaşı” proqramı çərçivəsində milli komitələr yaradıb. Təşkilat ötən ilin əvvəlindən sənədli irsin inventarlaşdırılması, qorunması və hamı üçün əlçatan olmasını təmin etmək üçün 40-a yaxın ölkəyə kömək edib.

Mədəniyyət 2023-05-25 11:40:00