×
A
A
A
Sazlamalar

BDU-nun Geologiya fakültəsi tələbələrinin tədris-istehsalat təcrübəsi başa çatıb

Bakı, 24 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin IV kurs tələbələri tədris planına uyğun olaraq tədris-istehsalat təcrübəsində olublar.
Bu barədə AZƏRTAC-a müsahibəsində fakültənin dekanı Mamoy Mansurov məlumat verib. M.Mansurov bildirib ki, tədris-istehsalat təcrübəsində fakültənin ümumilikdə 89 tələbəsi iştirak edib.
Tələbələrin bir qrupu “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Çovdar” filiz emalı sahəsində təcrübə keçib. Onlar “Çovdar” qızıl mədənində, filizlərin qırılması və aşındırılması meydançalarında, filiz və kern anbarlarında, filiz emalı zavodunda olub, iş proseslərini izləyiblər.
Digər qruplara daxil olan tələbələr isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Geoloji Kəşfiyyat Agentliyi, “Azerbaijan İnternational Mining Company Limited” şirkətinin Gədəbəy rayonundakı mədənləri, Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda istehsalat təcrübəsinə cəlb olunub. Dörd həftə ərzində aparılmış istehsalat təcrübəsi tələbələrin təhsil aldıqları ixtisas üzrə bilik və bacarıqlarının inkişafına öz töhfəsini verib.
“Fakültədə tədrisin müasirləşdirilməsi istiqamətində də müəyyən tədbirlər həyata keçirilir, yeni dərsliklər, dərs vəsaitləri hazırlanır, təhsilin inkişafı üçün təcrübə mübadilələri aparılır”, - deyə dekan bildirib.

Elm və təhsil 2023-05-24 17:49:00