×
A
A
A
Sazlamalar

Daşkəsəndə konfrans: Nə qədər Azərbaycan var, mən də varam

Daşkəsən, 24 may, Elcan Məmmədov, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı Daşkəsən Rayon İcra Hakimiyyəti ilə birgə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Nə qədər Azərbaycan var, mən də varam” mövzusunda konfrans keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra Daşkəsən rayon Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin məzarları üzərinə tər güllər qoyulub.
Konfransda Daşkəsən Rayon İcra Hakimiyyətinin rəhbərliyi, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, YAP İdarə Heyətinin üzvü Əfsun Sucayev, deputat Müşfiq Cəfərov, rayonun YAP fəalları və KİV mənsubları iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi yad olunub.
Çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib ki, müasir müstəqil, demokratik Azərbaycan Respublikasının memarı, görkəmli dövlət xadimi, dünyaşöhrətli siyasətçi, dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin bütün şəhər və rayonlarında, eləcə də respublikamızın hüdudlarından kənarda bayram əhvali-ruhiyyəsində böyük təntənə ilə qeyd edilir. Prezident İlham Əliyevin 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı 2022-ci il 29 sentyabr tarixli Sərəncamı çox mühüm təqdirəlayiq qərar olmaqla yanaşı, xalqımızın və dövlətimizin Ulu Öndər Heydər Əliyevə verdiyi yüksək qiymətin göstəricisidir. Bu gün hər birimiz Ümummilli Lider Heydər Əliyevi dərin minnətdarlıq hissi ilə, böyük sevgi və ehtiramla anır, onun əziz xatirəsini yad edirik. Heydər Əliyevin arzusunu, ata vəsiyyətini həyata keçirən, Vətən müharibəsində Zəfərimizin müəllifi olan Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev indi Qarabağda və Şərqi Zəngəzurda düşmənin dağıtdığı şəhər və kəndlərimizi yenidən qurur. Böyük Qayıdış proqramı uğurla icra olunur, keçmiş məcburi köçkün bacı və qardaşlarımızın öz ata-baba yurdlarına böyük qayıdışı reallaşır.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev konfransın gündəliyinə uyğun olaraq geniş məruzə ilə çıxış edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri misilsizdir.
YAP İdarə Heyətinin üzvü Əfsun Sucayev qeyd edib ki, dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyev bütün dövrlərdə xalqımıza və dövlətçiliyimizə ləyaqətlə, sədaqətlə xidmət edib. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev həmişə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparıb.
Deputat Müşfiq Cəfərov isə çıxışında vurğulayıb ki, bu gün Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini böyük hörmət və ehtiramla, onun Vətənimiz üçün gördüyü möhtəşəm və çoxsaylı işləri, əvəzolunmaz xidmətləri xatırlamaqla qeyd edir.
Digər çıxış edənlər də Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat yolundan, xalqımız qarşısında unudulmaz, möhtəşəm tarixi fəaliyyətindən və siyasi irsindən söz açıblar.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, YAP sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim edilib.
Konfransın sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Xalqa bağışlanan ömür” adlı sənədli film nümayiş olunub.

Regionlar 2023-05-24 16:33:00