×
A
A
A
Sazlamalar

Çin incəsənətinin zəngin kolleksiyasına 3000-dən çox ziyarətçi qonaq olub

Bakı, 24 may, AZƏRTAC

Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgi çərçivəsində “Huawei Technologies Azerbaijan” MMC şirkətinin dəstəyi ilə “Açıq qapı günləri” keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, “Açıq qapı” müddətində sərgiyə paytaxt sakinləri, şəhərimizin qonaqları, tələbələr və yeniyetmələrdən ibarət ziyarətçi axını olub, 3000-dən çox insan sərgini ziyarət edib.
“Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisi təkcə tarixi eksponatlar toplusu deyil, həm də ziyarətçilərin Çin xalqının mədəniyyəti və adət-ənənələri ilə yaxından tanış olması üçün bir fürsətdir.
Sərginin kuratoru və ideya müəllifi Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyevdir. Layihənin koordinatoru Könül Rəfiyevadır.
Sərginin təşkilatçıları ziyarətçilərə Azərbaycan Milli İncəsənət Muzeyində təqdim olunan Çin incəsənətinin zəngin kolleksiyası ilə tanış olmaq üçün unikal imkan yaradıblar. Sərgi yalnız Çin mədəniyyəti və incəsənətini sevənlər tərəfindən deyil, həmçinin Çinin mədəni irsi və tarixi haqqında daha geniş məlumat əldə etmək istəyən tamaşaçılar tərəfindən də böyük maraqla qarşılanıb.
“Huawei” qonaqlara Çin sivilizasiyasının genişliyini və dərinliyini, qədim İpək Yolunun canlılığını yaşamağa, iki ölkə arasında qarşılıqlı əməkdaşlığı və dostluğu dərinləşdirməyə dəstək göstərməkdən məmnundur.
Bundan əlavə “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgi çərçivəsində Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən “Xəttatlıq sənəti” , “Çay incəsənəti”, “Kung fu incəsənəti” və “Kağız kəsmə sənəti” mövzularında ustad dərsləri də həyata keçirilib.

 

Mədəniyyət 2023-05-24 16:32:00