Mütəxəssis: COVID-19 qeyri-infeksion xəstəliklərinin artmasında rol oynadı
Bakı, 24 may, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) illik “Dünya səhiyyə statistikası” hesabatında dünyadakı ölüm hallarının üçdə birinin qeyri-infeksion xəstəliklər səbəbindən olduğu qeyd edilib. Təəssüf ki, ölkəmizdə də vəziyyət eynidir.
Bunu AZƏRTAC-a 6 nömrəli Şəhər Poliklinikasının həkim-terapevti Gülçin Quluzadə deyib. Onun sözlərinə görə, hər il ölkədə qeyri-infeksion xəstəliklər səbəbindən ölüm hallarının artması müşahidə edilir. Bu isə yaşadığımız sosial mühit, qeyri-sağlam qidalanma, piylənmə, tütün məhsulları, spirtli içkilər, narkoloji vasitələrdən istifadə kimi zərərli vərdişlər və digər risk amillərindən asılıdır. Yaranan risk amilləri onkoloji problemlər, ürək-damar sistemi, şəkərli diabet, tənəffüs sistemi kimi bir sıra qeyri-infeksion xəstəliklərin inkişafına təkan verir.
G.Quluzadə qeyri-infeksion xəstəliklərinin artım göstəricilərinin dünyadakı iqlim dəyişikliyi səbəbindən də ola biləcəyini deyib: “Bütün dünyanı narahat edən qlobal iqlim dəyişikliyi problemi insan orqanizminə olduqca mənfi təsir edir. Qeyri-sabit hava şəraiti kəskin respirator virus infeksiyaları kimi, qeyri infeksion xəstəliklərin də artmasında böyük rol oynayır. Xroniki xəstəlikləri, əsasən, ildə iki dəfə - yaz və payız aylarında kəskinləşir. Lakin son dövrlər ilin bütün fəsillərində xəstələrdə ağırlaşmalar müşahidə olunur.
Koronavirus infeksiyasının pandemiya halı alması qeyri-infeksion xəstəliklərin artmasında rol oynadı. Virusun yayılma dövründə, xüsusilə, ürək-damar sistemi xəstəlikləri - ürək çatışmazlığı, arterial hipertoniya, koronar, laxtalanma problemlərinin yaranmasında artım müşahidə olundu”.
Terapevt ÜST-nin hesabatında qeyd olunan piylənmədən əziyyət çəkən şəxslərin sayındakı artıma diqqət çəkib: “Ölkədə piylənmə və bu səbəbdən yaranan xəstəliklər artır. Əhali arasında piylənmə kişilərə nisbətən qadınlarda daha çoxdur. Bu isə qeyri-düzgün qidalanma, hərəkətsizlik və digər problemlərin nəticəsində yaranır. Piylənmədən qorunmaq üçün əsas şərt düzgün qidalanma vərdişlərinin formalaşdırılmasıdır. Yüksək kalorili qidalar, ifrat dərəcəsində yağlı yeməklər, un məmulatları və şirniyyatlardan mümkün qədər uzaq durmalıyıq. Meyvə, tərəvəz, az kalorili qidaların istehlakı, oturaq həyat tərzindən uzaqlaşmaq, gün ərzində açıq havada bir saat gəzinti, idmanla məşğul olmaq tövsiyə edilir”.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar