×
A
A
A
Sazlamalar

Elektron siqaretin ziyanı adi siqaretdən az deyil

Bakı, 24 may, AZƏRTAC
Siqaretin zərərlərindən nə qədər danışılsa da, məsələ həmişə aktual olaraq qalır. Təəssüf ki, bir bəladan qurtulmaq istəyərkən başqasına düçar oluruq. Məsələn, müasir dövrdə əsasən gənc və orta nəslin maraq göstərdiyi elektron siqaretləri çoxları xilas yolu seçsə də, əslində elektron siqaret də sağlamlıq üçün zərərlidir. Hərçənd bəziləri bunun tam əksini iddia edir. Mütəxəssislərin fikrincə, elektron siqaret ziyanına görə adi siqaretdən heç də fərqlənmir.
AZƏRTAC xəbər verir ki, həkim-kardioloq Emin Hacıbalayev deyib: “Elektron siqaretin tüstüsünün tərkibində kanserogen maddələr var: Həmin siqaretlərdə nikotin maye şəklində olur, maye qızdırılır və bu zaman onu çəkən tütün tüstüsü ilə deyil, tütün buxarı ilə nəfəs alır. Nəticədə nikotin insan orqanizminə daha tez sorulur və müxtəlif xəstəliklərə aparıb çıxarır. Ona görə də elektron siqaretin ziyanları adi siqaretdən heç də az deyil. Nikotin ürək-damar sisteminə ziyanlı təsir göstərir. Konserogen tərkibli olması onkoloji xəstəliklərə səbəb olur. Ona görə də guya onun daha az ziyanlı olması barədə deyilənlər həqiqəti əks etdirmir”.
Narahatedici məsələlərdən biri də odur ki, həmin siqaretlər xanımlar və yeniyetmə qızlar arasında daha da populyarlaşır. Bu isə inkişafda olan orqanizmə və hüceyrələrə zərərli təsir edir.
Həkim-ginekoloq Gülnar Nuriyeva elektron siqaretin qadın orqanizminə xüsusilə mənfi təsir göstərdiyini bildirib: “Tütünün tərkibindəki konserogen və zərərli kimyəvi maddələr reproduktiv sağlamlığa, döl əmələgəlmə funksiyasına çox böyük ziyan vurur. Belə yanlış fikir var ki, elektron siqaretin zərəri daha azdır və bəzən hətta adi siqareti tərgitmək üçün elektron siqaretdən istifadə edirlər. Elektron siqaret ağciyər, mədə, dəri və digər orqanlara olan ümumi zərərindən başqa ana olmaq istəyən və hamilə qadınların sağlamlığına, dölə çox zərərli təsir göstərir”.
Həmin zərərli vərdişdən azad olmağın müxtəlif yolları var. Psixoloji dəstək siqareti tərgitmək üçün təsirlidir. Təhsil müəssisələrində yeniyetmələrə siqaretin sağlamlığa mənfi təsiri barədə məlumat verilməlidir. Çünki hər il minlərlə insan bu zərərli vərdiş nəticəsində yaranan müxtəlif xəstəliklərdən sağlamlığını və hətta həyatını itirir.

Səhiyyə 2023-05-24 13:54:00