×
A
A
A
Sazlamalar

Ümumrespublika təmizlik aksiyalarına start verilir

Bakı, 24 may, AZƏRTAC
Xəzər dənizinin sahillərini tullantılardan təmizləmək, hamılıqla bu aksiyalara qoşulmaq kimi çağırışlar hər il həyata keçirilir və bu cür aksiyalar da artıq ənənəyə çevrilib. Bu il də dəniz sahillərində, çay kənarlarında, yaşayış massivlərinin ətrafında, bir sözlə, Xəzər dənizini məişət tullantıları ilə çirkləndirən bütün mənbələrdə təmizlik işləri mövsüm boyunca hər həftənin şənbə günləri davam etdiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.
“Belə aksiyalara hələ də ehtiyac olması, eyni ərazilərin yenidən təmizlənməsi, açığı təəssüf doğurur. Sahillərdə qida tullantılarından tutmuş rezin, şüşə və plastiklərə qədər müxtəlif tullantılara rast gəlinir. Təbiət qoynuna, dəniz kənarına istirahətə gələn vətəndaşlar özlərinin, ailələrinin, dostları və yaxınlarının bu ərazilərə bir daha gələcəyini düşünmürlərmi?
Təbiət ərazilərində, dəniz kənarlarında tullantıların yaratdığı təəssüfləndirici mənzərələrin səbəbkarı əfsus ki, özümüzük, insanlarımızdır.
Odur ki, hər kəsə üzümüzü tutub, bir daha səslənirik: istirahət edərkən daha diqqətli olun, tullantıları sahillərdə atıb getməyin. Zövq aldığınız, sevə-sevə istirahət etdiyiniz məkanların təbii gözəlliyini tullantılarla məhv etməyin!
Bu, bir çağırışdır və ətraf mühitin qeydinə qalmağı, təbiət gözəlliklərinə hamılıqla sahib çıxmağı təşviq etməkdir”, - deyə S.Məmmədova bildirib.

Ekologiya 2023-05-24 12:53:00