×
A
A
A
Sazlamalar

AZƏRTAC “China Daily” qəzetinin beynəlxalq mediaturunda təmsil olunub - Fotoreportaj

Pekin, 25 may, AZƏRTAC

Nüfuzlu “China Daily” qəzeti Çinin Kiberməkan Administrasiyasının dəstəyi ilə həyata keçirdiyi “Çin ilə görüş” layihəsi çərçivəsində əcnəbi jurnalistlərin, habelə bloger və vlogerlərin Çendu şəhərinə mediaturunu təşkil edib.
AZƏRTAC xəbər verir ki, əcnəbilərin Çini daha yaxından tanıması məqsədi daşıyan mediaturun açılış mərasimində mediaturun dünya ictimaiyyətini Çin bölgələrində həyata keçirilən sosial-iqtisadi inkişaf layihələri, iqtisadi islahatlar, mədəniyyəti, tarixi, əhalinin həyat tərzi barədə məlumatlandırmağı hədəflədiyi bildirilib.
Mediatur çərçivəsində pandemiya səbəbindən cari ilin iyul-avqust aylarına keçirilən “Çendu-2021” tələbələrin yay universiadasının atletlər kəndindəki arenalar, media və beynəlxalq yayım mərkəzi, Çinin cənub-qərb hissəsinin nəqliyyat qovşağı olan Çendudakı beynəlxalq dəmir yolu yük limanı, Çinin rəmzi olan böyük pandaların bəslənildiyi baza, tarixi Ducianyan irriqasiya sisteminin yerləşdiyi məkan, Uhou məbədi, Tsinqhua Universitetinin Çendudakı enerji-internet araşdırma mərkəzi, süni Luse gölünün ətrafında salınmış müasir yaşayış məhəlləsinə baş çəkilib, müasir aqroparkda, bambuk oyma və toxuculuq sənəti ilə məşhurlaşan Baytou kəndində, Cinşa açıq muzeyində olublar.
Qeyd edək ki, çap versiyası və rəqəmsal platformalar üzrə 350 milyondan çox oxucusu olan nüfuzlu “China Daily” qəzeti təkcə Çində deyil, eləcə də dünyada ingilis dilində nəşr edilən ən populyar qəzetlərdən biridir. Onun xarici ölkələrdəki oxucularının sayı Çindəki oxucularından çoxdur. “China Daily” Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar haqqında AZƏRTAC-ın onlarla materialını öz internet səhifəsində yerləşdirib.

 
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Mədəniyyət 2023-05-24 12:23:00