×
A
A
A
Sazlamalar

Azərbaycanlı dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Rusiyada silsilə layihələr təşkil edilib

Bakı, 24 may, AZƏRTAC
A.S.Puşkin adına Novqorod Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru-musiqi rəhbəri, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə silsilə layihələr təşkil olunub. Əsas əlamətdar hadisələrdən biri dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “1001 gecə” baleti ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş layihələr şəhərin mədəni həyatında tarixi hadisəyə çevrilib.
Təqdim olunan tamaşalar yerli tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycanlı dirijor Əyyub Quliyevin rəhbərliyi altında nümayiş olunan səhnə əsərlərində Nijni Novqorod Dövlət Opera Teatrının balet heyəti ilə bərabər, teatrın simfonik orkestri və xoru da yer alıb.
“Viva opera” bu silsilənin uğurlu sonluğuna çevrilib. Novqorod Dövlət Opera Teatrının aparıcı 12 solistinin iştirakı ilə keçən konsert dahi rus bəstəkarları P.Çaykovski, M.Musorqski, S.Raxmaninov, A.Arenski və N.Rimski Korsakova, eyni zamanda, dahi qərb bəstəkarları C.Verdi, C.Puççini, J.Bize, J.Massnenin yaradıcılığına həsr olunub.
Proqramın açılışında səslənən Fikrət Əmirovun simfonik süitası isə gecəyə xüsusi rəng qatıb.
Konsertdən sonra gerçəkləşən görüşdə Opera Teatrının direktoru Tatyana Mavrina və bədii rəhbər Aleksey Trifonov azərbaycanlı dirijora təşəkkürlərini bildirərək, qarşıdakı yaxın zamanda əməkdaşlıq etmək üçün onu yenidən Nijni Novroqoda dəvət ediblər.

Mədəniyyət 2023-05-24 11:43:00