×
A
A
A
Sazlamalar

Muzdlu işçilərlə bağlı vergi güzəşti kimlərə şamil edilir?

Bakı, 24 may, AZƏRTAC

Muzdlu işçilərlə bağlı vergi güzəştləri kimlərə şamil edilir və bunun üçün hansı prosedurlar gərəkdir?
Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, gəlir vergisindən azadolmalar və güzəştlər Vergi Məcəlləsinin 102-ci maddəsində qeyd olunub.
Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.
Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.
Qeyd olunan güzəştlərdən faydalanmaq üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müəyyən edilib.
Belə ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.
Fiziki şəxs neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergiödəyicilərində işlədiyi halda, onun vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur.

Maliyyə 2023-05-24 11:37:00