×
A
A
A
Sazlamalar

Bu gün Avropa Parklar Günüdür

Bakı, 24 may, AZƏRTAC

Avropa Parklar Günü (EDoP) 35 ölkədə qorunan təbiət ərazilərini birləşdirən Avropa təşkilatı olan EuroPark Federasiyası tərəfindən təsis edilib. İlk dəfə 1999-cu ildə keçirilən bu gün bütün Avropada hər il mayın 24-də qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bayramın keçirilmə tarixi 1909-cu il mayın 24-də Avropada ilk milli parkların yaradılması ilə bağlı idi. Bunlar İsveçdə yaradılmış doqquz milli park idi. O vaxtdan bəri qorunan təbiət əraziləri Avropanın təbii və mədəni irsinin əvəzolunmaz hissəsinə çevrilib.
Həmin ekoloji bayram Avropa xüsusi mühafizə olunan təbiət ərazilərinin imicini yüksəltmək, eləcə də onların işinə ictimai dəstək yaratmaq məqsədilə təsis edilib. Bu gün təbii ərazilərin qorunmasında beynəlxalq həmrəyliyi simvollaşdırır.
Hər il Avropa Parklar Günü xüsusi bir deviz altında qeyd olunur. Builki şüar “Köklərimiz üzərində inşa etmək”dir.
Hazırda ölkəmizdə sahəsi 893 min hektar olan 10 dövlət təbiət qoruğu, 10 milli park və 24 dövlət təbiət yasaqlığını əhatə edən xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsi fəaliyyət göstərir. Həmin ərazilərin şəbəkəsi genişləndirilir, infrastruktur, mühafizə rejimləri yenilənir, idarəetmədə müasir yanaşmalar tətbiq edilərək yeni mühafizə olunan təbiət ərazilərinin yaradılması istiqamətində işlər görülür. Gələcək fəaliyyət kimi Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer rezervatının - Zaqatala-Balakən biosfer qoruğunun yaradılması layihəsi istiqamətində müəyyən işlər aparılır, Bakı və Abşeron Palçıq Vulkanları Dövlət Təbiət Qoruğunun bazasında növbəti illərdə Qobustan Palçıq Vulkanları geoparkının yaradılması nəzərdə tutulub. Həmçinin əhəmiyyətli və unikal təbii landşaft müxtəlifliyinə malik Qanıx (Alazan) çayı vadisini və Axar-baxar dağ silsiləsini əhatə edən ərazilərdə, həmçinin Qax Dövlət Təbiət Yasaqlığı və İlisu Dövlət Təbiət Qoruğunun bazasında yeni milli parkların yaradılması işlərinə başlanılıb.
İşğaldan azad edilmiş ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 43 min hektar təşkil edir. Həmin təbiət əraziləri Bəsitçay və Qaragöl Dövlət Təbiət qoruqları, Qubadlı, Arazboyu, Laçın, Daşaltı Dövlət Təbiət yasaqlıqlarıdır. Hazırda həmin xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası istiqamətində müəyyən işlər görülür.

Ekologiya 2023-05-24 11:25:00