Qadın məsləhətxanaları və tibb müəssisələrinin qadın şöbələri ən son tibbi avadanlıqlarla təchiz olunur
Bakı, 24 may, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri yeni tibbi avadanlıqlarla təchiz olunub.
Bakı Baş Səhiyyə Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, mərkəzin tabeliyində fəaliyyət göstərən qadın məsləhətxanaları və digər ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinin qadın şöbələrində 24 ədəd ən müasir ultrasəs cihazları quraşdırılıb.
Dünyada tibbi avadanlıqların tanınmış istehsalçısı olan Mindray şirkətinin DC seriyalı diaqnostik ultrasəs aparatı ən keyfiyyətli erqonomikaya və yüksək səviyyəli vizuallaşdırmaya malikdir.
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 10 nömrəli Qadın Məsləhətxanasının şüa-diaqnostika üzrə həkimi Aliyə Aslanbəylinin sözlərinə görə, yeni USM cihazlarının bir çox üstünlükləri var: “Yeni cihaz ana bətnində həm dölün qan-damar sisteminə, həm də hamilənin damarlarının, həmçinin aşağı və yuxarı ətraflarının damar müayinəsinə, o cümlədən daxili orqanlarının daha ətraflı müayinəsinə imkan verir. Biz həkimlər olaraq, rahat şəkildə hamilələri ginekoloji müayinə edir, süd və qalxanvari vəzilərində yarana biləcək hər hansı patologiyalar haqqında qabaqcadan məlumat verə bilirik. Bu o deməkdir ki, artıq ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrində də hamilələrə doğuşaqədərki dövrdə müayinə və müalicələr üçün yeni imkanlar yaradılır. Yəni, bundan sonra pasiyentlərimizin müayinə və müalicə üçün özəl klinikalara və ya böyük tibb mərkəzlərinə üz tutmasına ehtiyac qalmır”.
Qeyd edilib ki, TƏBİB-in tabeliyində ilkin səhiyyə xidməti göstərən digər tibb müəssisələri də yaxın gələcəkdə və mərhələli şəkildə həmin cihazlarla təmin ediləcək.
Tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində yararsız olan tibb avadanlıqlarının yeniləri ilə əvəz olunması, müasir standartlara uyğun tibbi cihazların quraşdırılması istiqamətində işlər davam etdirilir.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar