×
A
A
A
Sazlamalar

Dərman preparatlarının ölkəmizdə istehsal və istehlakının təşkili məsələləri müzakirə olunub

Bakı, 24 may, AZƏRTAC
Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti təşkilatın üzv ölkələrinin səhiyyə nazirləri ilə ikitərəfli görüşlər və digər işgüzar tədbirlər keçirir.
AZƏRTAC Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, Niderlandın ictimai səhiyyə, sosial təminat və idman naziri Ernst Keypersin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə nazir Teymur Musayev bir çox sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdiyini qeyd edib, milli səhiyyə müəssisələri arasında təcrübə mübadiləsi üçün böyük potensialın olduğunu vurğulayıb. Bildirib ki, yüksəkixtisaslı həkimləri və müasir tibb müəssisələrini özündə birləşdirən Niderland səhiyyə sistemi Avropada nümunəvi model kimi tanınır. Eyni zamanda, əczaçılıq və tibb avadanlıqlarının istehsalı və satışı üzrə dünyanın aparıcı ölkələrindən biridir.
Niderlandın ictimai səhiyyə, sosial təminat və idman naziri Ernst Keypers qeyd edib ki, ölkələrimizin səhiyyəsinin səmərəliliyini artırmaq məqsədilə tibb təhsili sahəsində qarşılıqlı fəaliyyət üçün bütün zəruri vasitələr mövcuddur.
Görüşdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsi, transplantasiya sahəsində akademik təcrübələrin tətbiqi, birgə layihələrin həyata keçirilməsi və maraq doğuran digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Azərbaycanın nümayəndə heyəti tibbi avadanlıqların istehsalı üzrə dünya lideri olan “Royal Philips” şirkətinin Qlobal Hökumət və İctimai məsələlər üzrə vitse-prezidenti Jan-Villem Şeiqrondla da görüş keçirib. Görüş zamanı şirkətin istehsal etdiyi yüksək texnoloji avadanlıqların Azərbaycan səhiyyəsində tətbiqi, ölkəmizin tibbi tədqiqatlar zamanı şirkətin nou-xau nailiyyətlərin tətbiqi geniş müzakirə predmeti olub.
Azərbaycanın nümayəndə həyati xilasedici dərmanlara çıxış imkanlarının genişləndirilməsinə və onların inkişafının təşviqinə həsr olunmuş BMT-nin dəstəklədiyi ictimai səhiyyə təşkilatı olan “Medicines Patent Pool”un icraçı direktoru Çarlz Qorla görüş keçirib. Görüş çərçivəsində əczaçılıq sahəsində yüksəkkeyfiyyətli və insan sağlamlığı faktorunu qoruyan beynəlxalq patentə və sertifikasiyaya malik daha geniş spektrli dərman preparatlarının ölkəmizdə də gələcəkdə istehsal və istehlakının təşkili məsələləri müzakirə olunub.

Səhiyyə 2023-05-24 10:25:00