×
A
A
A
Sazlamalar

Polkovnik: Günnüt əməliyyatı ordumuzun özünə inamını, döyüş əzmini daha da artırdı

Bakı, 24 may, AZƏRTAC

Qırx dörd günlük Vətən müharibəsi Azərbaycanın hərb tarixinin ən şanlı səhifəsidir. Bu həm də peşəkar ordumuzun qüdrətinin dünyaya növbəti nümayişi oldu. Aprel döyüşlərinin davamı olan Günnüt əməliyyatı Zəfərə gedən yolun başlanğıcı kimi tarixə düşdü.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Hərb Tarixi Muzeyinin direktoru, Birinci Qarabağ müharibəsinin iştirakçısı, istefada olan polkovnik Əzizağa Qəni-zadə deyib.
Onun sözlərinə görə, ötən əsrin 90-cı illərində Şərur rayonunun bir çox kəndləri kimi, Günnüt kəndi də düşmən hücumlarına məruz qalırdı. Həmin kəndlər, məktəb və qəbiristanlıqlar erməni vandalları tərəfindən xarabalığa çevrilmişdi. Günnüt kəndi əhalisi də başqa yerə köçməyə məcbur qalmışdı.
“2018-ci il mayın 20-dən 27-dək Əlahiddə Ümumqoşun Ordunun uğurlu əməliyyat keçirərək Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya və Qaraqaya dağlarını azad etdi. Dərələyəz mahalının Arpa kəndi də Azərbaycan Ordusunun nəzarəti altına keçdi.
Günnüt əməliyyatı hərbi komandanlıq tərəfindən peşəkarlıqla hazırlanmış plan idi. Əməliyyatın hazırlıq prosesi tam məxfi şəraitdə icra olunmuşdu. Bölmələrimizin şəxsi heyəti döyüş tapşırığını uğurla yerinə yetirdi. Bunun üçün canını, qanını və qüvvəsini əsirgəmədi. Bu əməliyyatda ordumuz yalnız bir şəhid vermişdi – Adil Tatarov. Şəhidin adının əbədiləşdirilməsi üçün postlardan biri onun şərəfinə “Tatar postu” adlandırılıb. Ərazinin etibarlı müdafiəsi məqsədilə Günnütdə yollar bərpa edildi, mühəndis-istehkam tədbirləri görüldü, postlar arasında dayanıqlı rabitə əlaqəsi yaradıldı.
Günnüt əməliyyatının uğurla başa çatması ordumuzun özünə inamını, döyüş əzmini daha da artırdı. Aprel döyüşündən sonra yüksələn döyüş əzmi Günnüt əməliyyatı ilə öz kulminasiyasına çatdı və 44 günlük müharibədə tarixi Qələbə üçün zəmin oldu”, - deyə polkovnik qeyd edib.

Cəmiyyət 2023-05-24 09:36:00