×
A
A
A
Sazlamalar

Gürcüstan hökuməti sualtı optik kabelin çəkilməsinin sürətləndirilməsində maraqlıdır

Tbilisi, 23 may, AZƏRTAC

Gürcüstan hökuməti Qara dəniz sualtı optik kabelin çəkilməsinin sürətləndirilməsində maraqlıdır. Gürcüstan hökuməti bunun üçün təxirəsalınmaz tədbirlər həyata keçirməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın maliyyə naziri Laşa Xuçişvili hökumətin iclasında söyləyib.
Onun sözlərinə görə, Qara dəniz sualtı kabel layihəsinin tədqiqi mərhələsi ilin sonuna qədər tam başa çatmalıdır və bundan sonra konkret addımlara keçiləcək.
Nazir deyib ki, Gürcüstan hökuməti Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə əməkdaşlığın davam etdirilməsində maraqlıdır. Biz razılaşdırılmış proqram çərçivəsində BVF və DB ilə əməkdaşlığın fəal davam edəcəyini gözləyirik. Onlar tərəfdən Gürcüstana investisiya qoyuluşunu daha da artırmaq istəyi var.
“Bizim çox mühüm və davamlı layihəmiz var. Bu, Qara dəniz sualtı kabeli layihəsidir. Biz artıq ilin sonuna qədər tədqiqat mərhələsinin bütün komponentlərinin tam başa çatdırılması ilə bağlı yenilənmiş məlumat əldə etmiş olacağıq və daha sonra həm maliyyələşdirmə, həm də icranın texniki hissəsi ilə bağlı konkret addımlara keçə biləcəyik”, – deyə L.Xuçişvili vurğulayıb.
Nazir bildirib ki, Qara dənizin sualtı kabel layihəsinə Asiya İnkişaf Bankı tərəfindən maraq böyükdür və Bank da layihədə iştirak etmək istəyir.
Qeyd edək ki, keçən il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişə əsasən, Gürcüstan və Qara dəniz vasitəsilə Azərbaycandan Rumıniyaya elektrik enerjisi kabeli çəkiləcək.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2023-05-23 20:17:00