×
A
A
A
Sazlamalar

Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş diktant keçirilib

Bakı, 23 may, AZƏRTAC

“Çinar Azərbaycan Milli-Mədəniyyət Mərkəzi” Sankt-Peterburq regional ictimai təşkilatı (SPb RİT) Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və 28 May - Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş Azərbaycan dilində diktant keçirib. Tədbir V.V.Mayakovski adına Mərkəzi Şəhər İctimai Kitabxanasında (MŞİK) təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbiri açan V.V.Mayakovski adına MŞİK-nin xarici dillərdə ədəbiyyat şöbəsinin Şərq Mədəniyyətləri Mərkəzinin müdiri Mariya Zuyeva Azərbaycan dilində diktant-müsabiqənin qonaqlarını və iştirakçılarını salamlayaraq onlara uğurlar arzu edib.
“Çinar Azərbaycan Milli-Mədəniyyət Mərkəzi” SPb RİT-nin sədri Xeyransa Mirzəyeva bu tədbirin vacibliyini vurğulayaraq iştirakçıların hamısını Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yubileyi və Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edib.
“Çinar” ictimai təşkilatının sədr müavini Ülviyə Abbasova tədbir iştirakçılarına Azərbaycan dilinin mədəni irs kimi qorunub saxlanılması naminə bu cür mühüm tədbirə qatıldıqlarına görə təşəkkürünü bildirib və diktantın keçirilməsi şərtlərini izah edib.
Tapşırıq təxminən 40 dəqiqə davam edib. Tədbirin proqramı Ulu Öndər haqqında sənədli filmin nümayişi, eləcə də Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycanın tarixinə həsr olunmuş çıxışlarla davam edib.
Tədbirin bədii hissəsində “Çinar” ansamblının solistləri çıxış ediblər. Beynəlxalq müsabiqələr laureatı, Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbəsi Teymur Kazımov Müslim Maqomayevin “Azərbaycan” mahnısını ifa edib.
Tədbirin sonunda imtahan komissiyasının sədri Ülviyə Abbasova diktantın nəticələrini elan edib.
Bütün iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.

Mədəniyyət 2023-05-23 20:01:00