×
A
A
A
Sazlamalar

Vergi güzəştlərinin verilməsi media subyektlərinin maliyyə dayanıqlılığının təmin olunması məqsədini daşıyır

Bakı, 23 may, AZƏRTAC

“Media haqqında” Qanunun qəbul edilməsi ilə mövcud media subyektləri arasında olan bir sıra hüquqi tənzimləmələr və təkmilləşdirmələr həyata keçirilib, habelə media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsasları müəyyən edilib. Sözsüz ki, dövlətin media sahəsinə bu yanaşmasının dəstəklənməsi məqsədilə Vergi Məcəlləsində də bir sıra dəyişikliklər olunub.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev deyib.
Onun sözlərinə görə, vergi güzəştlərinin verilməsi media subyektlərinin maliyyə dayanıqlılığının təmin olunması və vergi güzəştlərinin verilməsi nəticəsində qənaət olunacaq vəsaitlərin də medianın inkişafına yönəldilməsi məqsədi daşıyır: “Bununla da media subyektlərinin vergi güzəştləri məsələsi ortaya çıxıb. Həmin vergi güzəştlərinin verilməsi media subyektlərinin maliyyə dayanıqlılığının təmin olunması və vergi güzəştlərinin verilməsi nəticəsində qənaət olunacaq vəsaitlərin də medianın inkişafına yönəldilməsi məqsədi daşıyır. Ümumilikdə, güzəştlər media subyektlərinin mənfəət və gəlir vergilərinə, o cümlədən sadələşdirilmiş vergiödəyiciləri üçün sadələşdirilmiş vergiyə cəlb olunan gəlirlərə tətbiq olunur. Eləcə də media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinə əlavə dəyər vergisinin azad olunmasının tətbiqi nəzərdə tutulur”.
DVX rəsmisi, həmçinin bildirib ki, “Media haqqında” Qanunda media subyektlərinin anlayışları verilib. Bu, media subyektləri audiovizual media subyektlərinə, onlayn media və çap media subyektlərinə bölünür. Vergi Məcəlləsi ilə verilən güzəştlər isə audiovizual media subyektləri istisna olmaqla, digər media subyektlərinə şamil olunur. Yəni, audiovizual media subyektləri dedikdə qanunun məqsədləri üçün televiziya və radio yayımını həyata keçirən şəxslər nəzərdə tutulur. Bu vergi güzəştləri audiovizual media subyektlərinə aid edilmir. Güzəştdən onlayn və çap media subyektləri, eyni zamanda, informasiya agentlikləri faydalana bilir.

Maliyyə 2023-05-23 17:07:00