×
A
A
A
Sazlamalar

Səudiyyə Ərəbistanının enerji naziri neft satışında möhtəkirliklə bağlı xəbərdarlıq edib

Bakı, 23 may, AZƏRTAC
Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman çərşənbə axşamı Dohada keçirilən Qətər İqtisadi Forumunda “OPEC+” alyansının görüşünə bir həftə qalmış neftin qısamüddətli satışı ilə məşğul olanlara növbəti xəbərdarlıq edib. O bildirib ki, möhtəkirlər xam neftin qiymətlərində yaranmış sabitliyin pozulmasına səy göstərirlər.
AZƏRTAC “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının energetika naziri möhtəkirliklə bağlı deyib: "Mən onlara həmişə məsləhət görürəm ki, iyrənc hərəkətlərindən əl çəksinlər. Qlobal bazarda spekulyasiya ilə məşğul olanlar aprel ayında çox yaramaz əməllər törədiblər. Əlbəttə, mənim onlarla hər hansı oyun oynamaq fikrim yoxdur, çünki poker oyunçusu deyiləm. Amma onlara xəbərdarlıq etmək istəyirəm, qoy diqqətli olsunlar”.
Qeyd edək ki, treyderlər Çindən gələn iqtisadi məlumatların zəifləməsi, ABŞ-da tənəzzül riskləri və Amerikanın borc tavanı üzərində uzun sürən mübahisələr fonunda müsbət proqnozları qiymətləndirir və belə olan şəraitdə bu ay Londonda neftin qiymətləri bir barel üçün 75 dollar ətrafında dəyişib.
Neft İxrac Edən Ölkələr Təşkilatı və onun müttəfiqləri – “OPEC+” kimi tanınan 23 dövlətdən ibarət alyans ilin ikinci yarısı üçün hasilat siyasətini nəzərdən keçirmək üçün iyunun 3-4-də Vyanada görüşəcək. Şahzadə Əbdüləziz bin Salman bununla bağlı qeyd edib ki, OPEC-in qərarları qiymət artımına yox, qlobal neft bazarlarında sabitliyin təmin edilməsinə yönəlib.

Dünya 2023-05-23 16:47:00