×
A
A
A
Sazlamalar

Çinin ekspedisiya qrupu Comolunqma zirvəsinə çatıb VİDEO

Pekin, 23 may, AZƏRTAC

Çinin ekspedisiya qrupu dünyanın ən hündür zirvəsi olan Comolunqmaya (Everest) çatıb.
AZƏRTAC xəbər verir ki, 11 nəfərdən ibarət ekspedisiya qrupu hündürlüyü 8848 metr olan zirvədə tədqiqat üçün buz və qar nümunələri toplayacaq.
Ekspedisiya mayın 23-də Pekin vaxtı ilə gecə saat 3-də dağın 8300 metr hündürlüyündə düşərgə qurub. Üzvlərdən 4-ü saat 11:00 radələrində Çinin ötən il 8830 metr hündürlükdə quraşdırdığı dünyanın ən hündür meteoroloji nəzarət stansiyasına çatıb. Ekspedisiya ilk iş olaraq stansiyada texnoloji yeniləmə işlərini həyata keçirib. Bu işə cəmi saatyarım vaxt sərf olunub.
Qrupun rəhbəri Yao Tandon bildirib ki, ekspedisiya qlobal istiləşmənin təsiri altında, habelə Qərb küləkləri və musson dövründə yüksəklik ərazidə ətraf mühitin necə dəyişməsi də daxil olmaqla bir sıra elmi tədqiqat işləri aparacaq.
Qeyd edək ki, çinli mütəxəssislər ötən ilin mayında Comolunqma zirvəsində dəniz səviyyəsindən 8830 metr yüksəklikdə avtomat rejimdə çalışan meteoroloji nəzarət stansiyası quraşdırıblar. Günəş enerjisi ilə işləyən stansiya peyk kommunikasiya sistemi ilə təchiz edilib və məlumatları hər 12 dəqiqədən bir ötürür.

 
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2023-05-23 16:40:00

Video