×
A
A
A
Sazlamalar

Almanlar zibil konteynerlərinə içərisində pul olan zərfi niyə yapışdırırlar?

Berlin, 23 may, AZƏRTAC

Almanlar çox vaxt zibil atarkən məişət tullantıları konteynerinin üstünə içində pul olan zərf qoyurlar. Onlar zərfi konteynerə adi skotçla yapışdırırlar. Vəziyyət olduqca qeyri-adidir, lakin bir az dərinə varsaq və bu ölkədə məişət tullantılarının necə daşındığını araşdırsaq, bu hərəkətin mahiyyətini başa düşə bilərik.
AZƏRTAC Almaniyada insanların ətraf mühitin çox yaxşı qeydinə qalmaları barədə əvvəlki materiallarda yazıb. Bu ölkədə zibilin daşınmasına olduqca həssas yanaşırlar. Zibil konteynerinə kiçik məbləğ qoymaq praktikası heç də Almaniyanın hər yerində yayılmayıb. Bu, əsasən sakit şəhərətrafı yerlərdə, şəxsi evlərin üstünlük təşkil etdiyi ərazilərdə baş verir. Belə yerlərdə adətən hər ailənin öz fərdi zibil qutuları olur və evin bilavasitə yaxınlığında qoyulur. Zibil həftədə iki dəfə kommunal xidmətlər tərəfindən daşınır. Həmin günlərdə sakinlər öz zibil qutularını evin yaxınlığındakı yola çıxarır. Bundan sonra zibildaşıyan maşın zibili boşaldır və ev sahibləri qutuları geriyə, öz sahələrinə qaytarırlar.
Zibilin belə daşınma sxeminin nəticəsi çox yaxşıdır: nə küçənin ortasında pis qoxulu konteynerlər var, nə də iyrənc zibilliklər.
Bəs onda pul qoymaq nəyə gərəkdir? İş orasındadır ki, vaxtaşırı hər evdə kifayət qədər böyük həcmdə tullantılar olur. Məsələn, evdə təmir gedir, tikinti materialları və ya köhnə mebel tullanılır. Bu cür əşyalar adətən standart zibil qutularına yerləşmir, həm də kommunal xidmətlər müqaviləyə əsasən, kiçikölçülü məişət tullantılarını daşımalıdır. Başqa ölkələrdə bu cür zibildən çox asanlıqla istifadə edirlər. İnsanlar hər şeyi yaxınlıqdakı zibil qutularının yanına aparıb, yerə qoyurlar. Əksəriyyəti hesab edir ki, zibildaşıyanlar bunu götürmək öhdəliyi daşıyırlar, çünki bundan ötrü məvacib alırlar.
Lakin Almaniyada işlər başqa cür qurulub. Əgər zibil böyük həcmdədirsə və konteynerə sığmırsa, o halda onu müəyyən edildiyi tarixdə, bir qayda olaraq, ildə bir dəfə yola çıxarıb qoyurlar. Buna görə də belə hallarda almanlar kommunal xidmətlərin işçiləri üçün içində pul mükafatı olan zərf qoyurlar.
Ümumi məbləğ tullantının həcmindən asılıdır. Əksər hallarda bu məbləğ 1-10 avro civarındadır. Zibildaşıyan maşın gəlməklə həmin tullantılar maşına daşınır, işçilər əlavə yükə görə kiçik kompensasiya əldə edirlər. Bu, xoşagələn bonus və sadəcə insani münasibətdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2023-05-23 16:20:00