×
A
A
A
Sazlamalar

Binəqədi rayonunda son doqquz ayda 50-yə yaxın mənzildən oğurluq edən şəxs saxlanılıb VİDEO

Bakı, 23 may, AZƏRTAC

Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi və 6-cı polis bölməsinin əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsi ərazisində silsilə oğurluqlar edən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vaqif Hümbətov müəyyənləşdirilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ilkin araşdırmalar zamanı onun yeddi evdən və bir avtomobildən ümumilikdə 15 min 900 manat, 1222 türk lirəsi, 12 min manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurladığı məlum olub.
Həmin şəxs ifadəsində bu oğurluqlarla yanaşı, azadlığa buraxılandan sonra son doqquz ay ərzində müxtəlif vaxtlarda Binəqədi rayonu ərazisində 50-yə yaxın evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladığını da etiraf edib.
Onun barəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. V.Hümbətovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, rayon polis idarəsinə, “102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

 

Hadisə 2023-05-23 12:38:00

Video