×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyevin Litvaya səfəri təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyət kəsb edir - Ekspert

Bakı, 23 may, AZƏRTAC
Azərbaycan və Litva yerləşdikləri regionlarda həm cari, həm də strateji üstünlüklərə malikdirlər. Xüsusilə bərpaolunan enerji sahəsində potensiala malik olmaları və logistika imkanları bu ölkələrin əhəmiyyətini daha da artırır. Hər iki ölkə, həmçinin öz regionlarında mühüm daşımalar qovşağıdırlar. Bu qovşaqlar daxili təminatla yanaşı, regional əhəmiyyətə də malikdirlər. Paralel olaraq, Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi potensialı mövcuddur ki, bu da Litva və Azərbaycanın bərpaolunan enerji istehsalı sahəsində imkanlarını artırır.
Bu fikirləri Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli AZƏRTAC-a açıqlamasında söyləyib.
O qeyd edib ki, hər iki ölkə günəş və külək enerjilərindən istifadə etməklə elektrik enerjisi istehsalını artırmaq sahəsində proqramlara malikdirlər və bərpaolunan enerji sahələrinə investisiyalar yatırmaq baxımından eyni istiqamətdə gedirlər. Nəzəri baxımdan sübuta yetirilib ki, Azərbaycanla Litvanın logistika imkanlarının əlaqələndirilməsi, enerji istehsalı sahəsində əməkdaşlığının gücləndirilməsi bütövlükdə Xəzər və Baltik regionları arasında şəbəkənin qurulmasına imkan yarada bilər. Belə bir şəbəkənin yaradılması isə ümumilikdə Avropa və Asiyanın həm logistika mənzərəsini, həm də enerji təminatı xəritələrini yeniləyə bilər. Prezident İlham Əliyevin bu mövzuda verdiyi ideyalar ciddi maraq doğurub, Avropa İttifaqının, Avropa Komissiyasının dəstəyini qazanıb. Hazırda bu ideyaların gerçəkləşdirilməsi üçün bünövrələr qurulur. 2022-ci ilin may ayından ötən bir il müddətində Azərbaycan və Litva prezidentləri 3 dəfə görüşüblər. Ölkə liderlərinin 2022-ci ilin may ayında Bakıda, 2023-cü ilin yanvar ayında Davosda görüşləri olub. Onlar indi isə Vilnüsdə bir araya gəlib qeyd edilən istiqamətdə əməkdaşlığın inkişafı üzrə konkret detalları müzakirə etdilər. Detallı proqramlar hazırlamaq üçün Litva-Azərbaycan hökumətlərarası komissiyası da qurulub. Bu o anlama gəlir ki, məsələ ideya mərhələsini tamamlayaraq, icra mərhələsinə daxil olur.
Ekspert bildirib ki, Litva ilə əməkdaşlığa önəm verilməsi təkcə iqtisadi səmərələrə əsaslanmır. Litva keçmiş Sovet Sosialist Respublikaları İttifaqına daxil olan yeganə ölkələrdəndir ki, bütün baryerləri aşaraq həm Avropa İttifaqına, həm də NATO-ya üzv ola bilib. Azərbaycanın siyasət xətti belədir ki, ümumilikdə Avropa İttifaqı və Avropa Komissiyası ilə əməkdaşlığı inkişaf etdirir. Amma paralel olaraq, Avropa İttifaqına üzv olan dövlətlərlə ikitərəfli münasibətləri də artırır. Bu gün Azərbaycan Aİ-yə daxil olan 9 ölkə ilə müttəfiqlik, ikitərəfli əməkdaşlıq münasibətlərinə malikdir ki, bu da ölkəmizin maraqları baxımından çox zəruridir. Vilnüsdə baş tutan görüşün nəticəsi olaraq keçirilən brifinqdə Prezident İlham Əliyev vurğuladı ki, Litva Azərbaycanla Avropa Komissiyasının daha yaxın olmaq səylərinə töhfələr verir. Bu məqama əsaslanıb demək olar ki, Prezident İlham Əliyevin Litvaya səfəri təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyət kəsb edir.

Siyasət 2023-05-23 11:16:00