×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyev Vilnüs təmaslarını Azərbaycanın haqq səsini çatdırmaq üçün uğurlu platformaya çevirdi

Bakı, 23 may, AZƏRTAC

Litva və Azərbaycan arasında suveren əlaqələr 1991-ci ildən qurulsa da, ölkələrimiz keçmiş İttifaq dövlətləri kimi Sovetlər birliyi zamanından yüksək səviyyəli münasibətlərə malik olub. Yarım əsrlik İttifaq periodunun ortaq dəyərlərini bölüşmək isə xalqlarımızın daha da yaxınlaşmasına gətirib çıxarıb. Bu gün isə Litva və Azərbaycan müstəqil, inkişaf etməkdə olan dövlətlər kimi yaxın keçmişin təcrübəsinə və yeni dövrün şərtlərinə uyğun şəkildə, beynəlxalq hüququn prinsiplərini rəhbər tutaraq müxtəlif səviyyələrdə əməkdaşlıq edirlər. Məhz bu münasibətlərin davamı olaraq Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığında Litva özünəməxsus rol oynamaqda və əlaqələrin daha da dərinləşməsinə töhfə verməkdədir. Həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilən Tvinninq layihələrində rəsmi Vilnüs çox fəal rol oynamışdı.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O qeyd edib ki, müasir qloballaşma prosesində beynəlxalq münasibətlərin xarakterinin, beynəlxalq prioritetlərin sürətlə dəyişdiyi şəraitdə dövlətlər üçün də öncəliklər dəyişə bilir və maraqların yeni situasiyada uyğunlaşdırılması zərurətə çevrilir. Bu mənada Prezident İlham Əliyevin Litva Respublikasına rəsmi səfəri ölkələr arasında münasibətlərin tam yeni müstəvidə bir daha gözdən keçirilməsi, əlaqələrimizin yeni müstəvidə dərinləşməsi üçün mühüm imkandır.
Ötən il analoji məqsədlə Litva Prezidenti Gitanas Nausedanın Bakıya təşrif buyurduğunu xatırladan Bəhruz Məhərrəmov əlavə edib: “Səfər çərçivəsində əhəmiyyətli müzakirələrə start verilmiş, iqtisadiyyat və təhsil sahələrində də əlaqələrin gücləndirilməsi qərara alınmışdı. Cəmi bir il sonra, Azərbaycan Prezidentinin cavab səfəri isə Nausedanın ifadə etdiyi kimi, "Azərbaycan ilə Litva arasında əməkdaşlıq münasibətlərinə yeni müsbət dinamika əlavə edəcək".
Gündəm kifayət qədər zəngindir, informasiya texnologiyaları, kibertəhlükəsizlik, bərpaolunan enerji, investisiyalar, nəqliyyat kimi sahələrdə əməkdaşlıq məsələləri, 200-dən çox azərbaycanlı tələbənin Litvada təhsil alması və ölkələrimizin təhsil müəssisələri arasında birgə əməkdaşlığın mövcud olması gündəliyin kifayət qədər zənginliyini göstərir. Prezidentlərin mətbuata bəyanatlarla çıxışlarında da Prezident İlham Əliyevin ifadə etdiyi kimi, "Biz çox ümid edirik ki, gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək".
Deputatın sözlərinə görə, Bakı-Vilnüs təmaslarında, heç şübhəsiz ki, yeni qlobal qütbləşmə, daha konkret desək, Rusiya-Ukrayna savaşı və nəticədə formalaşan geosiyasi konfiqurasiya müzakirə mövzularından biri olub. Azərbaycanın məsələyə dair mövqeyi aydındır və Bakı yeni periodda dialoq formatına alternativ tanımır. O cümlədən bu dialoq yalnız münaqişələri yox, bütövlükdə bütün qlobal təhdidləri əhatələyir. Sevindirici məqamdır ki, Prezident İlham Əliyevin də bugünkü görüşdə bəyan etdiyi kimi, ən azı Litva və Azərbaycan arasında "bu dialoq konkret nəticələrlə də tamamlanır".
“Litva səfərinin digər önəmli cəhəti də bütün müstəvilərdə olduğu kimi Prezident İlham Əliyevin Vilnüs təmaslarını da Azərbaycanın haqq səsini çatdırmaq üçün uğurlu platformaya çevirə bilməsi oldu. Bakı Aİ-nin Şimal-Şərq hüdudlarında bir daha Azərbaycan-Ermənistan sülh danışıqlarının aparılmasının nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcəyi ümidini bəyan edərək konstruktiv səylər göstərmək iradəsini ifadə etdi.
Beynəlxalq norma və prinsiplərdə əhatə olunan sülh niyyətimizlə bərabər, Azərbaycan Prezidenti həm də İrəvanın təcavüzkar mahiyyətini bir daha ifşa edərək bu münaqişənin səbəb olduğu fəlakət - işğal nəticəsində soydaşlarımızın öz doğma torpaqlarından didərgin düşməsi, 30 il işğalda qalmış ərazilərdə demək olar ki, bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələrin işğalçılar tərəfindən dağıdılması barədə müfəssəl məlumat verməklə informasiya savaşında mühüm bir məsafə qət etmiş oldu”, - deyə Bəhruz Məhərrəmov vurğulayıb.

 

Siyasət 2023-05-23 11:02:00