×
A
A
A
Sazlamalar

Yonas Yarutis: Prezident İlham Əliyevin Litvaya səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına mühüm töhfə verəcək

Bakı, 22 may, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarova mayın 22-də Milli Məclisin və ATƏT PA-nın birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizliyin və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Litva Seyminin sədr müavini Yonas Yarutislə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan-Litva münasibətlərinin hazırkı inkişafı məmnunluq doğurur. O bildirib ki, hazırda Azərbaycan Prezidenti İlham Əliyev Litvada rəsmi səfərdədir və bu gün keçirilmiş görüş və tədbirlər iki ölkə arasında əlaqələrin inkişafında mühüm əhəmiyyətə malikdir. Dövlətimizin başçısının bu səfəri bizim ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafının bariz nümunəsidir.
İki ölkənin qanunvericilik orqanları arasında münasibətlərdən danışan Sahibə Qafarova bu sahədə parlamentlərarası əlaqələr üzrə qarşılıqlı işçi qruplarının xüsusi rolunu qeyd edib.
Görüşdə Azərbaycanın 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını öz gücü ilə həyata keçirdiyini deyən Milli Məclisin sədri 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonrakı dövrdə regionda mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi böyükmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib. Sədr bildirib ki, Azərbaycan Ermənistanın Laçın yolundan qeyri-qanuni istifadəsinin qarşısını almaq üçün orada keçid məntəqəsi quraşdırıb. Bu yoldan mülki şəxslərin keçidi və onun humanitar məqsədlərlə istifadəsində heç bir problem yoxdur.
Milli Məclisin sədri qeyd edib ki, hazırda iki ölkə arasında sülh danışıqları gedir. O, Azərbaycanın tezliklə Ermənistanla sülh müqaviləsinin imzalanmasını, işğaldan azad olunmuş ərazilərdə nəqliyyat infrastrukturunun bərpa olunmasını istədiyini və bu istiqamətdə səy göstərdiyini qonağın diqqətinə çatdırıb.
“Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizliyin və sabitliyin təşviqində milli parlamentlərin rolu” kimi mühüm mövzuya həsr edilmiş konfransa dəvətə görə təşəkkür edən Litva Seyminin vitse-spikeri Yonas Yarutis Prezident İlham Əliyevin Litvaya rəsmi səfərinin əhəmiyyətindən danışıb, bu səfərin iki ölkə arasındakı münasibətlərin inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Bu il Azərbaycanda və onun hüdudlarından kənarda dünyaşöhrətli siyasi xadim, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğunu xatırlayan qonaq, bu münasibətlə təbriklərini çatdırıb. Vitse-spiker ölkəsinin enerji sahəsindəki siyasətindən danışıb, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki vacib rolu barədə fikirlərini bölüşüb.
Söhbət zamanı iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafı və digər mövzularda fikir mübadiləsi aparılıb.

Siyasət 2023-05-22 20:43:00