×
A
A
A
Sazlamalar

Marqareta Sederfelt: ATƏT PA ilə Milli Məclis arasında uğurlu əməkdaşlıq əlaqələri mövcuddur

Bakı, 22 may, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) prezidenti Marqareta Sederfelt ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Sahibə Qafarova Bakıda Milli Məclisin ATƏT PA ilə birgə təşkil etdiyi "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizliyin və sabitliyin təşviqində milli parlamentlərin rolu" mövzusunda konfransın ölkələrimiz və bütövlükdə ATƏT bölgəsi üçün vacib əhəmiyyətə malik məsələləri müzakirə etmək üçün mühüm bir tədbir olduğunu diqqətə çatdırıb. O konfransın çox aktual mövzuya həsr olunduğunu qeyd edərək, deyib ki, təmiz ətraf mühit və yaşıl inkişaf Azərbaycanın 2030-cu ilədək yeni inkişaf strategiyasının beş prioritet istiqamətlərindən biri kimi müəyyən edilib.
Görüşdə qonağa regiondakı mövcud vəziyyət barədə geniş məlumat verən Milli Məclisin sədri qeyd edib ki, Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayıb. Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşüb. İşğal edilmiş ərazilərdə demək olar ki, bütün infrastruktur, binalar işğalçılar tərəfindən dağıdılıb. Ermənistan Azərbaycanın bütün tarixi, mədəni və dini obyektlərini vandallığa məruz qoyub. Azərbaycan 30 il ərzində dünyada mövcud olan ikili standartlardan əziyyət çəkib, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulması, torpaqlarımızın qeyd-şərtsiz işğaldan azad olunması ilə bağlı beynəlxalq qətnamələr icra olunmayıb. 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək, Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini həyata keçirib, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib.
Milli Məclisin sədri xatırladıb ki, Azərbaycan işğalın qurbanı olmasına baxmayaraq, regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün səy göstərir və beynəlxalq hüququn 5 prinsipi əsasında Ermənistana sülh sazişi imzalamağı təklif edib. O qeyd edib ki, bir-birinin suverenliyinin və ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası regionda sülh və sabitliyə gətirib çıxaracaq. Sahibə Qafarova deyib ki, Ermənistan münasibətlərin normallaşması prosesini pozan hərəkətlərdən çəkinməli, siyasi iradə nümayiş etdirərək, iki ölkə arasında sülh sazişinin imzalanmasında əməli addımlar atmalıdır. Bu, regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunmasının yeganə yoludur.
ATƏT Parlament Assambleyasının prezidenti Marqareta Sederfelt, göstərilən qonaqpərvərliyə görə, minnətdarlığını bildirərək, Bakıda tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. O, "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizliyin və sabitliyin təşviqində milli parlamentlərin rolu" mövzusunda konfransın çox vacib məsələlərə həsr olunduğunu qeyd edib. Bildirib ki, hazırda dünyanı narahat edən əsas çağırışların həllində parlament diplomatiyası vacib rola malikdir.
Marqareta Sederfelt ATƏT PA ilə Milli Məclis arasında uğurlu əməkdaşlıq əlaqələrinin mövcud olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan parlamenti Assambleyada uğurla təmsil olunur. Parlament Assambleyasının prezidenti xatırladıb ki, tərəflərin birgə təşkilatçılığı ilə mühüm tədbirlər təşkil olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Siyasət 2023-05-22 20:28:00