×
A
A
A
Sazlamalar

Ermənistan hakimiyyəti sülh müqaviləsinə alternativ siyasətin nə ilə nəticələnəcəyini anlayır - Politoloq

Bakı, 22 may, AZƏRTAC

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq konkret rəqəmlə 86,6 min kvadratkilometri bəyan etməsini sülhə doğru atılmış addım kimi qiymətləndirmək olar. Ermənistan hakimiyyətinin mövcud reallıqları öz cəmiyyətinə və xalqına izah etməyə çalışması Azərbaycanın yaratdığı siyasi-hərbi vəziyyətin məntiqi nəticəsidir. N.Paşinyan bir neçə dəfə ərazi bütövlüyü məsələsini gündəmə gətirsə də, ancaq imza atmağa risk etmir. Hər bir müqavilə beynəlxalq səviyyədə öhdəlik deməkdir, onun bəndləri isə məcburi xarakter daşıyır. Ermənistan hakimiyyəti regionda gedən geosiyasi prosesləri görür və sülh müqaviləsinə alternativ siyasətin nə ilə nəticələnəcəyini anlayır. Eyni zamanda, Nikol Paşinyan hökuməti revanşistlərin səfərbər olaraq aksiyalara başlayacağından ehtiyat edərək sülh sazişinin vaxtını uzatmağa çalışır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Tural Əliyev söyləyib.
O bildirib ki, Azərbaycan Prezidenti dəfələrlə həm Ermənistan daxilindəki, həmçinin xaricdəki revanşist qüvvələrə açıq və ünvanlı şəkildə xəbərdarlıq edib. Dövlətimizin başçısının Azərbaycan Ordusu 2020-ci ildə olduğundan daha güclüdür mesajı həmin qüvvələrə bir siqnaldır. Onlar isə 44 günlük Vətən müharibəsində Ordumuzun bütün imkanlarını və döyüş qabiliyyətini öz gözləri ilə gördülər. Görünən odur ki, bununla barışmaq istəməyən, mütəmadi olaraq Ermənistan hakimiyyətinə təzyiq edən, öz maraqlarını bölgəyə gətirməkdə niyyətlənmiş Fransa reallıqları həzm etmək istəmir. Avropa İttifaqının müşahidə missiyasının arxasında gizlənən Fransa sərhəd təxribatlarında maraqlı tərəf kimi görünür. Əgər tərəflər arasında sülh sazişi baş tutsa, Fransanın regionda ona aid olmayan işlərə qarışması əngəllənəcək. Ona görə də Ermənistan daxilində sülhə qarşı olan revanşist siyasi qüvvələrin arxasında məhz Fransanın dayanması artıq heç kəsdə şübhə doğurmur. Rəsmi Paris ehtiyatını əldən verməyərək indiki vəziyyətdə Ermənistanın Azərbaycan qarşısında aciz olduğunu anlayır. Bu səbəbdən də Ermənistana siyasi və hərbi cəhətdən dəstək verməkdə davam edir.
“Ermənistanda siyasi qüvvələr dərk edirlər ki, ölkədə mövcud hakimiyyət getsə belə, vəziyyəti öz xeyirlərinə dəyişə bilməyəcəklər. Sadəcə hakimiyyətə gəlməkdən ötrü bütün olanları fürsət kimi istifadə etməyə çalışırlar. Həmin qüvvələr 30 il ərzində işğal siyasəti apararaq erməni xalqının başını bu cür yalanlarla aldadıb onları idarə etdilər. Azərbaycan hərbi yolla Qarabağı işğaldan azad etdikdən sonra bəzi dairələr Azərbaycanın gücünü qəbul etsələr də, etiraf etmirlər.
Ermənistan hökuməti Azərbaycan Prezidentinin regiona dair təkliflərini dəyərləndirsə, bu, ümumilikdə bütün iştirakçılar üçün sərfəli olacaq. Çünki Azərbaycan Cənubi Qafqazın ən potensiallı dövləti və güc mərkəzidir. Avropa enerji təhlükəsizliyinə verdiyi töhfələrə görə Azərbaycana hər zaman öz təşəkkürünü bildirib. Bu isə o deməkdir ki, Ermənistan və arxasında dayanan, daima bölgəni təxribatlarla sınağa çəkmək istəyən qüvvələr mövcud vəziyyəti merkantil maraqlarına qurban edə bilməyəcəklər. Həmin qüvvələrə cavab isə Prezident İlham Əliyevin etdiyi çıxışların ardıcıllığı, səsləndirdiyi bəyanatlarıdır. Qeyd olunanlar onlara proseslərin məzmun və predmetini rasional təhlil əsasında müəyyənləşdirmək üçün mükəmməl “yol xəritəsidir”, - deyə T.Əliyev əlavə edib.

Siyasət 2023-05-22 20:15:00