×
A
A
A
Sazlamalar

ÜST hesabatı: Planetdə baş verən ölüm hallarının üçdəbiri qeyri-infeksion xəstəliklər səbəbindən baş verir

Bakı, 22 may, AZƏRTAC

Son illər ümumdünya səviyyəsində səhiyyə sahəsində əsas göstəricilər üzrə durğunluq müşahidə olunur. AZƏRTAC xəbər verir ki, bu barədə ÜST-nin illik “Dünya səhiyyə statistikası” hesabatında deyilir. Onun müəllifləri qeyri-infeksion xəstəliklərin (QİX) artan təhdidi və iqlim dəyişməsinin mənfi nəticələri haqqında xəbərdarlıq edirlər.
Hesabatda son illər üzrə (2022-ci ilə qədər) yeni, xüsusən COVID-19 pandemiyasının səhiyyə sahəsindəki vəziyyətə təsirinə, eləcə də ictimai sağlamlıqla əlaqədar olan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında irəliləyişə aid məlumatlar təqdim edilib.
Hesabatda deyilir ki, yekunda pandemiya 337 milyon ömür ilinin itirilməsi ilə nəticələnib. Bütün qüvvələr koronavirusla mübarizəyə atıldıqda, səhiyyə sahəsində bir çox problemlər arxa plana keçdi, onlara lazımi diqqət yetirilmirdi, bu da göstəricilərin durğunluğuna gətirib çıxardı.
2000-ci ildən bəri dünyada ana və uşaq sağlamlığı sahəsində müsbət tendensiyalar müşahidə olunurdu. HİV, vərəm və malyariya kimi yoluxucu xəstəliklərə yoluxma hallarının sayı, eləcə də QİX və travma səbəbindən vaxtından əvvəl ölüm riski azalıb. Ümumilikdə bunun sayəsində dünyada gözlənilən ömür uzunluğu 2000-ci ildəki 67 yaşdan 2019-cu ildə 73 yaşa qədər artıb.
Lakin pandemiya səbəbindən malyariya və vərəmə yoluxma halları üzrə göstəricilərin yaxşılaşdırılması tendensiyası geriyə çevrilib. Belə ki, vərəmə yoluxma hallarının sayının azalmasına gəldikdə, 2015-2021-ci illərdə vərəmin aradan qaldırılması üzrə Strategiya ilə 2025-ci ilə planlaşdırılan həddə gedən yolun yalnız beşdəbir hissəsi qət edilib.
Hesabatda, həmçinin qeyd olunur ki, pandemiya vaxtı daha az insan "unudulmuş” adlandırılan tropik xəstəliklərə görə müalicə olunurdu.
Hesabatın müəllifləri, həmçinin QİX səbəbindən ölüm hallarının dayanmadan artdığını bildirirlər. Bu günə olan məlumata görə, planetdə ölüm hallarının üçdəbiri qeyri-infeksion xəstəliklər səbəbindən baş verir.
“Dünya səhiyyə statistikası ÜST tərəfindən hər il keçirilən dünyada sağlamlıq vəziyyətinin yoxlanılmasıdır. Hesabatda qeyri-infeksion xəstəliklər təhlükəsi haqqında aydın siqnal yer alıb, onlar həyata, səhiyyə sistemlərinə, iqtisadiyyata, gəlir mənbələrinə və cəmiyyətə çox böyük və daim artan ziyan vurur”, – deyə ÜST-nin baş katibi Tedros Adhanom Qebreyesus bildirib.
Cari tendensiya dəyişməzsə, proqnozlaşdırılır ki, əsrin ortalarına doğru dünyada ölüm hallarının təxminən 86 faizi QİX-ə təsadüf edəcək, yəni ildə 77 milyon insan bu səbəbdən öləcək, bu da 2019-cu ilin göstəriciləri ilə müqayisədə mütləq mənada demək olar ki, 90 faiz çoxdur.
Hesabatda yoluxma və ölüm halları ilə əlaqədar olan bir çox göstəricilərin azalması templərinin ləngiməsi əlamətləri qeyd olunur. Misal üçün, ana ölümü halları üzrə qlobal əmsal Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində müvafiq məsələyə nail olmaq üçün 2021-2030-cu illərdə illik 11,6 faiz azalmalıdır.
ÜST ekspertləri qeyd edirlər ki, siqaret çəkmə, spirtli içkilərin qəbul edilməsi, təmiz içməli suyun olmaması və antisanitar şərait kimi amillərlə bağlı sağlamlıq üçün risklərin azalmasına baxmayaraq, irəliləyiş kifayət qədər olmayıb. Bununla belə, hava çirklənməsi ilə bağlı risklər yüksək olaraq qalır.
Hesabatda həmçinin deyilir ki, piylənmə hallarının sayı artmaqda davam edir. Əhalinin əsas tibbi xidmətlərə əlçatanlığının genişləndirilməsi templəri ləngiyib. 2030-cu ilə qədər ümumi tibbi sığortanın təmin edilməsi imkanı da məhdudlaşdırılıb.
Builki hesabata ilk dəfə olaraq iqlim dəyişməsi və sağlamlığa həsr olunmuş xüsusi bölüm daxildir, artıq o illik hesabatın mütləq hissəsi olacaq. Mütəxəssislər vurğulayırlar ki, bu sahədə vaxtlı-vaxtında, etibarlı və ayrılmış məlumatlar irəliləyişin izlənməsi və səhiyyə sahəsində milli və qlobal siyasətin yaxşılaşdırılması üçün həlledici əhəmiyyət kəsb edir.

Səhiyyə 2023-05-22 20:01:00