×
A
A
A
Sazlamalar

İqtisadçı-ekspert: Litva Prezidenti Azərbaycanı getdikcə böyüyən iqtisadi güc kimi dəyərləndirir

Bakı, 22 may, AZƏRTAC
Azərbaycanla Litva arasında ticarət dövriyyəsində dinamiklik baxımından çox ciddi irəliləyiş var. 2005-ci ildə ticarət dövriyyəsi 6 milyon dollar olduğu halda, hazırda bu 42 milyon dolları keçib.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.
Ekspert qeyd edib ki, Azərbaycan sahibkarlarının Litvaya sərmayə yatırmasında rəsmi Vilnüs maraqlıdır. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin səfəri çərçivəsində keçirilən görüşlər bir çox sahələri əhatə etsə də, prioritet məqsəd daha çox iqtisadi sektora hədəflənib.
E.Əmirov əlavə edib ki, Litva-Azərbaycan biznes forumunda 35 Azərbaycan şirkəti iştirak edib. Eyni zamanda, biznes forumuna Litva tərəfindən 50-dən çox şirkət, eləcə də 10-a yaxın dövlət strukturlarının nümayəndəsi iştirak edib. Ekspert bildirib ki, bu forum iki ölkə arasındakı iqtisadi münasibətlərin daha da inkişafının göstəricisidir.
İqtisadçı ekspert vurğulayıb ki, Litva Prezidenti Azərbaycanı getdikcə böyüyən iqtisadi güc kimi dəyərləndirir. Bundan başqa, Litva hökuməti ölkəmizi enerjinin şaxələndirilməsində iddialı dövlət kimi qiymətləndirir. Rəsmi Vilnüs Azərbaycanı həm alternativ, həm də ənənəvi enerji resurslarının ixracında və hasilatında, eyni zamanda enerjinin nəqlində gücə sahib dövlət kimi qəbul edir.
Eldəniz Əmirov bildirib ki, informasiya texnologiyaları sahəsində Litvanın imkanları böyükdür. Azərbaycanın yeni innovativ tətbiqdə və rəqəmsal iqtisadiyyatda inkişaf etməsi üçün ikitərəfli əlaqələrin inkişafına ehtiyac var.

 

İqtisadiyyat 2023-05-22 18:25:00