×
A
A
A
Sazlamalar

Güllü Ağalarzadə: Komandamızın “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanacağına ümidvaram

Bakı, 22 may, AZƏRTAC

Bədii gimnastika üzrə Avropa çempionatının ölkəmizdə keçirilməsi çox əlamətdar hadisə idi. Yarışda qızıl medal qazanmağı çox istəyirdik və bunun üzərində var-gücümüz ilə çalışırdıq.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Bakıda təşkil olunan bədii gimnastika üzrə 39-cu Avropa çempionatında üç lent və iki topla yarışda qızıl medal qazanan Azərbaycanın qrup hərəkətləri komandasının üzvü Güllü Ağalarzadə deyib.
Gimnast qeyd edib ki, doğma arenada Avropa çempionu olduğumuz üçün çox sevinirəm. Bizi dəstəkləyən azarkeşlərə, valideynlərimizə, Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə dərin minnətdarlığımızı bildirirəm. Sevincimi sözlə ifadə edə bilmirəm.
“Artıq məsuliyyətimiz daha da artıb. Hazırlıqlarımızı davam etdirəcəyik, dayanmaq olmaz. Qarşıda bizi dünya kuboku yarışları gözləyir. Ən böyük hədəfimiz isə avqustda İspaniyanın Valensiya şəhərində keçiriləcək dünya çempionatında uğurla çıxış etməkdir. Çünki çempionat “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Ümid edirəm ki, komandamız Olimpiadaya lisenziya qazana biləcək”, - deyə G.Ağalarzadə əlavə edib.
Qeyd edək ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinanın üç lent və iki topla hərəkətlərin icrasında yiyələndiyi Avropa çempionluğu ölkəmizin gimnastika tarixində qrup komandamızın qitə çempionatında qazandığı ilk qızıl medaldır.

İdman 2023-05-22 18:22:00