×
A
A
A
Sazlamalar

Teymur Musayev: Qlobal Fondun layihələri ölkəmizin vərəmlə mübarizəsinə böyük töhfə verir

Bakı, 22 may, AZƏRTAC
Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycanın nümayəndə heyəti Qlobal Fondun Qrant İdarəetmə şöbəsinin rəhbəri Mark Edinqtonun başçılıq etdiyi missiya ilə görüş keçirib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı səhiyyə naziri Teymur Musayev Azərbaycanın Qlobal Fond ilə əlaqələrə və əməkdaşlığa hər zaman önəm verdiyini qeyd edib. Onun sözlərinə görə, 2005-ci ildən QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fond Azərbaycanda vərəm əleyhinə fəaliyyətin dəstəklənməsində yaxından iştirak edir: “Hazırda Azərbaycanda Qlobal Fondun layihələri davamlı olaraq həyata keçirilir və ölkəmizin vərəmlə mübarizəsinə böyük töhfə verir”.
Nazir öz çıxışında vurğulayıb ki, bu ilin mart ayında Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən malyariyadan azad ölkə elan edilib: “Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional ofisi məlumat yayıb. Məlumatda həmin nailiyyətin əldə olunması səhiyyə işçilərinin peşəkarlığı, həmçinin malyariya hallarının məqsədyönlü şəkildə qarşısının alınması, erkən aşkarlanması və müalicəsi sayəsində mümkün olduğu deyilir”.
Teymur Musayev gələcəkdə Azərbaycan Səhiyyə Nazirliyi ilə Qlobal Fond arasında səmərəli əməkdaşlığın daha da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu deyib.
Öz növbəsində Qlobal Fondun missiya rəhbəri Azərbaycanın ölkədə malyariya xəstəliyinin aradan qaldırılması istiqamətində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib. Mark Edinqton, həmçinin ötən ildən etibarən Səhiyyə Nazirliyin Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən Qlobal Fondun dəstəyi ilə Azərbaycanda İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) təmasdan öncə profilaktikası (TÖP - PrEP) pilot layihəsinin icrasının başlamasından bəhs edib: “Həmin yeni metod riskli təmaslar zamanı İİV-ə yoluxmanın qarşısını almaqdan ötrü sağlam insanlar tərəfindən antiretroviruslu dərman vasitələrindən istifadəni nəzərdə tutur”.
Görüşdə, həmçinin əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə olunub.

Səhiyyə 2023-05-22 18:16:00