×
A
A
A
Sazlamalar

Azərbaycan və Avstriyanın biznes subyektləri arasında əlaqələrin dərinləşdirilməsinə dair müzakirələr aparılıb

Bakı, 22 may, AZƏRTAC

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Azərbaycan-Avstriya biznes forumunda iştirak edib. Foruma ticarət, logistika, İKT, sənaye, tikinti və su təsərrüfatı sektorlarını təmsil edən Avstriyanın aparıcı şirkət nümayəndələri qatılıb. Azərbaycan və Avstriyanın biznes subyektləri arasında əlaqələrin dərinləşdirilməsinə dair müzakirələr aparılıb.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, forum Avstriya nümayəndə heyətinin Azərbaycana indiyədək təşkil edilən ən geniş ticarət missiyası çərçivəsində Avstriya Federal İqtisadi Palatasının ticarətin təşviqi təşkilatının – “Advantage Austria”nın təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Azərbaycan və Avstriya arasında iqtisadi əlaqələrin və biznes tərəfdaşlığının inkişaf etdiyi vurğulanıb, ticarət və investisiya sahələrində əməkdaşlığın müsbət dinamikası qeyd edilib.
Bildirilib ki, mühəndislik, konsaltinq və layihələrin idarə olunması sahələrində ixtisaslaşmış çoxsaylı Avstriya şirkətləri artıq Azərbaycanda fəaliyyət göstərir və onların artım potensialı yüksək qiymətləndirilib. Yeni əməkdaşlıq sahələri ilə bağlı fikir mübadiləsi aparılıb.
Forumda AZPROMO tərəfindən Avstriya şirkətlərinə Azərbaycanın investisiya mühiti, biznes imkanları və sərmayədarlara təqdim olunan imtiyazlara dair təqdimat nümayiş etdirilib, xarici sahibkarların sualları cavablandırılıb.
Tədbir B2B görüşlərlə davam edib.

İqtisadiyyat 2023-05-22 17:33:00