×
A
A
A
Sazlamalar

Uşaqlarda bağırsaq infeksiyalarının müalicəsi zamanı gözlənilməli əsas prinsip düzgün pəhrizdir

Bakı, 22 may, AZƏRTAC

Yay aylarında uşaqlarda infeksion və allergik xəstəliklərin rastgəlmə tezliyində artım müşahidə edilir. Xüsusən, bəzi çimərliklərdə çimmək, günəş şüaları altında uzun müddət qalmaq, qidalanma rejiminə riayət etməmək uşaqların bədən bioritmini pozur. Nəticədə onlar mövsümi xəstəliklərə yoluxurlar.
Bunu AZƏRTAC-a pediatr Ruhiyyə Yusifova deyib. Pediatrın sözlərinə görə, yayda uşaqlar arasında allergik xəstəliklər və mədə-bağırsaq problemlərinə daha çox rast gəlinir. Bu aylarda qəbul edilən qarışıq qidalar, yayda ərzaqların daha tez xarab olması və qidaların çox zaman əhəmiyyət verilmədən qəbul edilməsi uşaq orqanizmində bakteriyaların çoxalması və inkişafı üçün münbit şərait yaradır. Pediatr qeyd edib ki, uşaqlarda kəskin bağırsaq infeksiyalarının müalicəsi zamanı gözlənilməli əsas prinsip düzgün pəhrizdir.
Yay aylarının aktual allergik xəstəliklərə qida, insekt, yəni həşəratların dişləməsi ilə əlaqədar əmələ gələn allergik reaksiyalar, allergik rinitlər, pollinozlar, atopik dermatitlər, günəş allergiyası, toksikoallergik reaksiyalar, allergik konyunktivitlər və digərləri aiddir.
Pediatr yay fəslində insekt allergiyalarına daha çox təsadüf edildiyini deyib: “Müxtəlif həşəratlar uşaqları sancarkən və ya dişləyərkən onların ağız suyuna, zəhərinə və digər hissələrinə güclü allergik reaksiyalar olur. Ən ağır allergik reaksiya arı sancmaları zamanı müşahidə edilir. Çox zaman valideynlər uşaqlarda allergik reaksiyalar ilə infeksion xəstəliklərin simptomlarını qarışdırırlar. Burun tutulması, nəfəs darlığı, gözlərdə qızartı kimi hallar hər iki xəstəliyin oxşar simptomlarıdır. İnfeksiya zamanı 24 saat ərzində uşağın bədən hərarəti yüksəlir. Bəzən analar uşağın hərarətini salmaq üçün müxtəlif dərman vasitələrinə müraciət edir, lakin bu düzgün deyil. Dərman uşağa yalnız mütəxəssis məsləhəti ilə verilməli, xəstəlik zamanı uşaq çəkisindən asılı olaraq bol miqdarda maye qəbul etməlidir. Bu orqanizmdə maddələr mübadiləsini tənzimləyir.
Mövsümi allergiyalardan biri də bitkilərin tozlanması zamanı qeydə alınır. Tibdə bu xəstəliyə pollinoz deyilir. Pollinoz zamanı bitki tozuna həssaslıq nəticəsində tənəffüs, həzm sistemlərinin, dəri və digər orqanların kəskin allergik iltihabı müşahidə olunur. Xəstəliyin gedişatında 3 kəskinləşmə dövrü var. Ağacların çiçəkləməsi nəticəsində əmələ gələn pollinozlar mart-aprelə, çəmən otlarının tozcuqları ilə əlaqədar pollinozlar iyun-iyula, alaq otlarının törətdiyi pollinozlar isə avqust və payız mövsümünə təsadüf edir. Uşaqların həssas olduğu bitkinin mövsümi çiçəkləməsi qurtardıqda və ya onun olmadığı yerə köçdükdə xəstələrin halı yaxşılaşır. Bu aylarda valideynlər daha diqqətli olmalı, uşaqlara nəzarəti artırmalıdır. Əgər allergiya ilə bağlı müəyyən simptom müşahidə olunarsa, dərhal həkimə müraciət etməli və uşağın həssas olduğu allergeni müəyyən etmək üçün qan analizi verilməlidir”.

Səhiyyə 2023-05-22 17:28:00