×
A
A
A
Sazlamalar

Azərbaycan idmançıları “Abu Dhabi Jiu-Jitsu Pro” turnirində 15 medal qazanıblar

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Braziliya Ciu-citsu Federasiyasının idmançıları Tbilisidə “Abu Dhabi Jiu-Jitsu Pro” adlı nüfuzlu beynəlxalq turnirində iştirak ediblər.
AZƏRTAC federasiyaya istinadla xəbər verir ki, idmançılarımız turnirdə uğurlu nəticələr əldə ediblər. Belə ki, yarışa qatılan 16 idmançımızdan 15-i medal qazanıb.
Onlardan doqquzu qızı, üçü gümüş, digər üçü isə bürünc medala layiq görülüb.
Bütün rəqiblərini məğlub edən Abbas Qasımov, Balaəli Ağaməmmədov, Emir Ağalı, Anar Hüseynov, Turqut Məmmədov, Məmmədəli Rəhimov, Yusuf Ağadadaşov, Ayxan Həsənzadə və İbrahim Qocayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Elnur Ağayev, Qafar Verdiyev yarışı ikinci, Fərhad Mahmudov və Həsənağa Qəhrəmanov isə üçüncü pillədə başa vurublar.
Gi və No-Gi versiyaları üzrə keçirilən yarışlarda Rəşad Davudov bir gümüş və bir bürünc medala sahib olub.
İyirmi bir ölkədən idmançıların çıxış etdiyi turnirdə Azərbaycan komandası medalların sayına görə dördüncü pillədə qərarlaşıb.

İdman 2023-05-22 17:20:00