×
A
A
A
Sazlamalar

Talış kəndinin balaca sakinləri üçün “Cırtdan” tamaşası nümayiş olunub

Talış, 22 may, AZƏRTAC

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti hüquqi şəxsinin birgə təşkilatçılığı, Mingəçevir Dövlət Dram Teatrının iştirakı ilə Talış kəndində “Cırtdan” kukla tamaşası nümayiş olunub. Tamaşa dram teatrın yaradıcı və aktyor heyəti tərəfindən Talış kənd tam orta məktəbində aşağı sinif şagirdləri və bağça uşaqları üçün göstərilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, teatrın yaradıcı heyəti əvvəlcə balacaların qarşısında şou-proqramla çıxış ediblər. Uşaqlar daha sonra “Cırtdan” kukla tamaşasını izləyiblər. Bağça uşaqları və aşağı sinif şagirdləri rəngarəng tərtibat və geyimi, cəlbedici rejissor yozumu, baxımlı aktyor oyunu və oynaq musiqisi olan tamaşaya böyük maraqla baxıblar.
Qeyd edək ki, işğaldan azad olunan Talış kəndinə ilk köç bu ilin martın 16-da reallaşıb. Hazırda kənddə 20 ailə yaşayır. Talış kəndinə sakinlərin köçündən sonra burada 3 tamaşa nümayiş olunub.

 

Regionlar 2023-05-22 16:48:00