×
A
A
A
Sazlamalar

Dövlət və özəl müəssisələrin metroloqları qarşılıqlı əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər

Bakı, 22 may, AZƏRTAC

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX) tabeliyində fəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutunda 20 May - Ümumdünya Metrologiya Günü münasibətilə dövlət və özəl müəssisələrin metroloqları üçün maarifləndirici tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə institutun metroloji xidmətlərindəki yeniliklər, ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi işinin təşkili, milli etalon bazasının təkmilləşdirilməsi və digər prioritet məsələlər müzakirə olunub. Həmçinin dövlət və özəl müəssisələrin metroloqları ilə fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Görüşdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan Akkreditasiya Mərkəzi, “Azərişıq” ASC, “Azərsu” ASC, “Azəriqaz” İB, “Azərsun Holdinq” MMC, SOCAR, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və metroloji xidmət göstərən özəl təşkilatların nümayəndələri iştirak ediblər.
Sonda institutun temperatur, kütlə, elektrik, təzyiq, sıxlıq, özlülük, vaxt və tezlik, ionlaşdırıcı şüalanma və radioaktivlik ölçmələri üzrə dövlət ilkin etalon laboratoriyalarına baxış keçirilib.
Qeyd edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə Texniki Əməkdaşlıq sahəsində Çərçivə Proqramına əsasən Azərbaycan Metrologiya İnstitutunun tabeliyində Dozimetrik, Spektrometriya (alfa, beta və qamma üzrə) və Radon etalon laboratoriyaları yaradılıb. Sözügedən laboratoriyalarda dozimetrik, radiometrik və rentgen diapazonunda işləyən ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi işləri həyata keçirilir. Əhalinin sağlamlığı, ətraf mühitin qorunması və təhlükəsizliyi üçün radiasiya və şüa terapiyası sahələrində dəqiq ölçmələrin aparılması təmin edilir.

İqtisadiyyat 2023-05-22 16:25:00