×
A
A
A
Sazlamalar

Hüzur içində uyuyanlar

Bakı, 22 may, Süleyman Qaradağlı, AZƏRTAC

-Herr, gib unseren Verstorbenen die ewige Ruhe. Lass sie ruhen in Frieden (Ya Rəbb, ölülərimizə əbədi rahatlıq ver! Qoy, onlar hüzur içində yatsınlar)!
Bu məkana baş çəkən almanlar dünyadan köçən soydaşlarının son mənzilini ziyarət edəndən sonra belə deyirlər. Burada isə nə az, nə çox, minə yaxın qəbir var.

Bozdağın ətəklərində

Mingəçevir su bəndi və elektrik stansiyasının tikintisi nəinki Azərbaycanın, ovaxtkı ittifaq dövlətinin ən nəhəng inşaat sahələrindən hesab olunurdu. Minlərlə inşaatçı, mühəndis, sürücü və fəhlənin cəlb olunduğu tikintinin iştirakçıları arasında həm də İkinci Dünya müharibəsində əsir düşmüş almanlar da var idi. Lakin alman əsirlərin tikintidə iştirakı, rolu və s. barədə o dövrün tələblərinə uyğun olaraq heç yerdə ətraflı söhbət açılmayıb və çox vaxt bu məsələnin üstündən sükutla keçilib.

 


1945-ci ildə İkinci Dünya müharibəsi başa çatandan bir müddət sonra Mingəçevir Su Elektrik Stansiyasının tikintisi başlayanda SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə işçi qüvvəsi kimi 10 min alman hərbi əsiri gətirilmişdi. Onlar 1942-1943-cü illərdə general feldmarşal Fridrix Fon Paulusun komandanlığı altında Stalinqrad cəbhəsində vuruşan 6-cı ordunun əsgərləri idi. Almanlar bir müddət SSRİ-nin müxtəlif şəhərlərində əsir düşərgələrində saxlanıldıqdan sonra 1945-ci ilin payızında Mingəçevirə göndərilmişdilər. Həmin vaxt tikintiyə rəhbərlik edən Nazirlər Soveti sədrinin müavini, “Mingəçevirtikinti” idarəsinin rəisi İslam İslamzadə öz xatirələrində almanları gətirən hər eşelondan beş-on meyit çıxdığını xatırlayırmış. Onların çoxu distrofik vəziyyətdə, uzun müddət üzücü şəraitdə saxlanıldıqlarından, necə deyərlər, bir dəri, bir sümük qalmışdı.
Yol gələrkən hələ vaqonda ikən həyatını itirənləri dəfn etmək üçün Bozdağın ətəklərində ayrıca qəbiristanlıq sahəsi ayrılmışdı.

Ən ucuz işçi qüvvəsi

1945-ci ilin sentyabrında repatriantlar - müharibə vaxtı hərbi əməliyyatlarda və döyüşdə iştirak etməyən əsir götürülmüş dinc almanlar Mingəçevirə göndərilmişdi. Bəzi məlumatlara görə, repatriantlar 978 nəfər olub və onların 13 nəfəri komandir heyətindən idi. Onları “ostanbayterlər” adlandırırdılar. Bunun ardınca, oktyabr-noyabr aylarında hərbi əsirlərin ilk dəstəsi inşaat işlərinə cəlb olunmaq üçün gətirilmişdi. Almanlar əvvəlcə sağ sahildəki barak və çadırlarda yerləşdirilmişdilər. Qışqabağı təxminən 10 yeraltı sahə qazılmış və əsirlər ora köçürülmüşdülər. Sonradan isə şəhər elektrik şəbəkəsi yerləşən binada zabit heyəti üçün yaşayış yeri, sanitar hissə və s. düzəldilmişdi.


Əsirlərin seçib-seçilmək, səs vermək, partiyaya üzv olmaq, evlənmək hüququ yox idi və onlar ən ucuz və keyfiyyətli işçi qüvvəsi hesab olunurdu. 1945-ci ilin axırlarında su bəndinin tikintisinə geniş hazırlıq görüləndə hərbi əsirlərdən əsasən torpaq işlərində istifadə edilmişdi. Onlar bel, ling və düsərlə Bozdağın ətəklərində qazıntı işləri aparıblar. Lakin onların arasında energetikadan, maşın və mexanizmlərdən, hidroqurğulardan anlayanlar da olub, həmçinin bənna, dülgər və rəngsazlar da vardı. Əsirlərin məişət və iaşə şəraiti muzdlu işçilərdən o qədər fərqlənməsə də, onlar xüsusi mühafizə dəstələrinin nəzarəti altında işləyiblər və 444 nömrəli düşərgədə yaşayıblar. Qonşu Xanlar (indiki Göygöl) rayonundan gətirilən ağac çəlləklərdən həm Kürün bulanıq sularını durultmaq, su ehtiyatı yaratmaq, həm də məişət və texniki məqsədlər üçün istifadə edilirdi.

Dəqiq və intizamlı

Mingəçevir su bəndinin və elektrik stansiyasının tikintisində iştirak edənlər xatırlayırlar ki, almanlar qrup halında işləyər və yaşayar, tapşırılan işi vicdanla yerinə yetirərdilər. Onların dediklərinə görə, əsirlər son dərəcədə dəqiq və intizamlı idilər. Əslində onlara nə rəhbərlik, nə də işlərinə nəzarət etməyə ehtiyac yox idi, sadəcə olaraq hansı işi görmək lazım olduğunu başa salmaq kifayət idi. Almanlar çox dəqiq və səliqəli işləyirdilər, onların gördüyü işdə hələm-hələm qüsur tapmaq mümkün olmazdı.
Alman hərbi əsirlərin əməyindən tikintinin ən ağır və təhlükəli sahələrində istifadə edilirdi. Bənd tikiləcək ərazilərdə meşələrin qırılması, qırılmış ağacların yüklənib göndərilməsi, yol düzəltmək, dəmir yolu xətti çəkmək və s. kimi ağır işlərdə çalışsalar da, verilən tapşırığı çox vicdanla və keyfiyyətlə yerinə yetirərdilər. Əsirlərə briqadirlik edən yerli sakinlərdən birinin dediyinə görə, alman əsirlər o qədər dəqiq idilər ki, yemək vaxtı zəng çalınanda əlindəki şalbanı yerə atıb, gördüyü işi yarımçıq qoyub süfrə ətrafına gəlir, naharın başa çatdığını bildirən növbəti zəng çalınanda isə süfrədən dərhal yarımçıq qalxıb, işə qayıdırdılar.


Onlar tikintinin gedişinə rəhbərlik edən İslam İslamzadəyə xüsusi rəğbətlə yanaşar, ürək qızdırırdılar. O vaxt alman əsirlərdən biri “nə üçün buradan qaçıb getmirsən?” sualına belə cavab vermişdi: “Mənim vətənim buralardan çox-çox uzaqlardadır. Qaçsam da, yolda tutulacağam. Bir də ki, bunun nə mənası var? “Xozeyin” çox yaxşı adamdır, onun inamını sındırmağı qətiyyən özümə rəva görmərəm. O, bizə ata kimi qayğı göstərir. Baxmayaraq ki, Hitler, mənim həmvətənlərim onların ölkəsini dağıdıb viranəyə çevirib, ağır məhrumiyyətlərə, bəlalara, düçar olublar - bu adam bunları qətiyyən üzə vurmur və digər işçilərlə bizə ayrı-seçkilik qoymur-ona xəyanət etmək adamın özünə xəyanət etməsi demək olardı”.

Alman qəbiristanlığı

Tikintinin aparıldığı ərazi, gələcək şəhərin salınacağı yer çox mürəkkəb və çətin relyefə malik idi. Texnikanın olmadığı, hər işin əl əməyi hesabına görüldüyü dövrdə burada işləmək heç də asan deyildi. Kür tez-tez daşdığından meşələrin elə yerləri var idi ki, bataqlığa çevrilmişdi. Çayın suyunun, gölün quruduğu yerlər əqrəb, ağcaqanad və ilan-çayanla dolu idi. Malyariya çox geniş yayılmışdı. Bəndin tikilməsində, dəmir yolu xəttinin çəkilişində və digər tikinti obyektlərində işləyən almanlardan vəfat edənlər də olub.

1948-ci ildə alman əsirlərin üzərindən qadağa götürüləndən sonra onlara sərbəst yaşamaq hüququ verildi. Əsirlər arasında Mingəçeviri özünə məskən seçənlər də oldu, həmin vaxt Dağıstanda tikilən Sulak, İrkutskda inşa olunan Bratsk su elektrik stansiyasına işləməyə gedənlər də. 1951-ci ilin əvvəllərində tikintidə çalışan almanlar pal-paltar və ayaqqabı ilə təmin olundular, onlara müxtəlif hədiyyələr verildi, orkestr musiqisinin sədaları altında qatara mindirərək hörmət və ehtiramla öz vətənlərinə yola salındılar.

Bəzi məlumata görə, Mingəçevirdə tikintidə çalışdıqları müddətdə hərbi əsirlərdən təxminən 2 min nəfəri müxtəlif xəstəliklər nəticəsində vəfat edib və onlar Bozdağın ətəyində salınan hərbi əsirlər qəbiristanlığında dəfn edilib. Həmin qəbiristanlıqda böyük xaç qoyulub və xaçın aşağı hissəsində “Burada İkinci Dünya müharibəsində əsir düşənlər basdırılmışdır” sözləri yazılıb. Burada 911 qəbir var. Hər bir qəbrin üstündə başdaşı əvəzinə nömrələnmiş kiçik dəmir lövhə basdırılıb. Yalnız bir qəbirin - Ernst Kruqer adlı hərbçinin sinəüstü daşı var. 2010-cu ildə Almaniyanın ölkəmizdəki səfirliyi nəzdində fəaliyyət göstərən Alman-Azərbaycan Cəmiyyətinin nümayəndələri buranı ziyarət ediblər. 2011-ci ildə qəbiristanlıq həmin cəmiyyət tərəfindən təmir edilərək ətrafı hasarlanıb. Şəhər sakinlərinin dediyinə görə, son illərədək dəfn olunanların qohumları Almaniya, Avstriya və digər ölkələrdən gəlib məzarları ziyarət ediblər.
...Ötən əsrin ortalarında Mingəçevir su bəndinin, qarış-qarış, kərpic-kərpic, küçə-küçə tikilən şəhərin bünövrə daşlarını düzənlər arasında alman hərbi əsirlər də olub. Yaşlı sakinlər alman əsirlərinin əlləri ilə tikilən həmin obyektləri indi də xatırlayır və onların yadigarı hesab edirlər. Bozdağın ətəyindəki qəbiristanlıq isə onların son mənzili olub...

Regionlar 2023-05-22 15:24:00