×
A
A
A
Sazlamalar

Quduzluğa yoluxan heyvanların ətindən yeyən Şabran sakinlərinin vəziyyəti necədir?

Şabran, 22 may, Elxan Yusifli, AZƏRTAC

Şabranın Qorğan kəndində quduzluğa yoluxan heyvanların ətindən yeyən sakinlərdə bu xəstəliyin əlamətləri müşahidə olunmayıb. Həmin vətəndaşlardan 14-nə quduzluq əleyhinə vaksin vurulub. Daha sonra tibb müəssisəsinə bununla əlaqədar müraciət daxil olmayıb.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentindən AZƏRTAC-ın bölgə müxbirinin sorğusuna cavab olaraq bildirilib ki, mayın 16-da Şabran rayonunun Qorğan kəndinin 6-sı uşaq olmaqla, ümumilikdə, 11 sakini quduzluq xəstəliyi ehtimalı ilə TƏBİB-in tabeliyindəki Şabran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Onların hər birinə quduzluq əleyhinə vaksin vurulub və evə buraxılıblar. Mayın 18-də isə 2-si uşaq olmaqla, daha 3 nəfərə quduzluq əleyhinə vaksin vurulub. Keçən günlər ərzində tibb müəssisəsinə bu barədə əlavə müraciət daxil olmayıb.
Qeyd edək ki, rayonun Qorğan kəndində təsərrüfata yırtıcı heyvanlar hücum edib. Çaqqallar təsərrüfat sahibinə məxsus xırdabuynuzlu heyvanlara xəsarət yetirib. Təsərrüfat sahibi həmin heyvanların ətini fermadakı itlərə verib. Bir müddət sonra qoyunlardan 3-nün xəstələndiyini görən kənd sakini onları kəsib və ailə üzvlərinin iştirakı ilə qonaqlıq təşkil edib. Bu yaxınlarda isə təsərrüfatdakı heyvanlarda kütləvi xəstəlik qeydə alınıb və 36 baş qoyundan 10-u tələf olub. Bundan sonra yerli dövlət qurumlarına müraciət edilib.
Yırtıcıların xəsarət yetirdiyi heyvanlardan götürülən nümunələrdə quduzluq xəstəliyinin aşkar edilməsindən sonra çaqqalların xəsarət yetirdiyi heyvanın ətindən yeyən 20 nəfər xüsusi nəzarətə götürüb.
Təsərrüfatdakı xəstə qoyunlar kəsilərək basdırılıb, ferma dezinfeksiya olunub.

 

Regionlar 2023-05-22 13:15:00