×
A
A
A
Sazlamalar

Acınohur Milli Parkının yaradılması ceyranların və təbii komplekslərin mühafizəsini gücləndirəcək

Bakı, 22 may, AZƏRTAC

Bu gün Beynəlxalq Biomüxtəliflik Günüdür. Azərbaycanda bioloji müxtəlifliyin qorunması və bərpası istiqamətində həyata keçirilən tədbirlərin aktiv iştirakçılarından biri də Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyidir.
AZƏRTAC bu gün münasibətilə WWF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərovla həmsöhbət olub.
E.Əsgərov bildirib ki, Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyi öz əsas partnyorları olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və IDEA İctimai Birliyi ilə uzun müddətdir bəzi nadir növlərin mühafizəsi, bərpası və monitorinqi ilə məşğuldur. 2002-ci ildən başlamış bəbirlərin mühafizəsinə dair proqram hələ də davam edir. Qurulan kameralara bu müddət ərzində 30-a yaxın bəbir düşüb. Respublikamızda bu dövrdə doqquz bəbir balası dünyaya gəlib və ətraf ərazilərə yayılıb.
Ceyranların tarixi arealının bərpası proqramı çərçivəsində isə son 13 il ərzində 300-dən çox heyvan Şirvan Milli Parkından tutularaq ölkəmizin fərqli ərazilərinə buraxılıb. Həmin ərazilərdə artıq stabil populyasiyalar formalaşır.
Həmçinin zubrların bərpası proqramı çərçivəsində İsmayıllı meşələrində artıq 41 başdan ibarət sürü formalaşıb. 2028-ci ilədək həmin sürünü 100 başa çatdırmaq planları mövcuddur.
Nümayəndəliyin rəhbərinin sözlərinə görə, qarşıda duran dövr ərzində Acınohur Milli Parkının yaradılması üçün ETSN-ə dəstək layihəsi hazırlanıb və başlanması üçün Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməsi gözlənilir. Layihə qeydiyyatdan keçdikdən sonra proses sürətlənəcək. Həmin milli parkının yaradılması yeni ərazilərdə ceyranların və təbii komplekslərin mühafizəsini gücləndirəcək.
“Bundan başqa, qarşıda duran hədəflərdən biri də Qafqaz nəcib marallarının tarixən mövcud olduğu ərazilərə qaytarılmasıdır. Prosesin ilk olaraq Hirkan, Qarabağ və Quba-Qusar meşələrində həyata keçirilməsi planlaşdırılır”, - deyə E.Əsgərov qeyd edib.

Ekologiya 2023-05-22 12:33:00