×
A
A
A
Sazlamalar

22 May - Beynəlxalq Biomüxtəliflik Günüdür

Bakı, 22 may, AZƏRTAC

22 May - Beynəlxalq Biomüxtəliflik Günüdür. Əvvəllər həmin gün dekabrın 29-da qeyd olunurdu. Lakin 2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası tərəfindən 22 may Bioloji müxtəliflik üzrə Konvensiyası qəbul olunub və həmin gün Beynəlxalq Bioloji Müxtəliflik Günü elan edilib. Bu günün qeyd edilməsində əsas məqsəd dünyanın diqqətini təbii və antropogen faktorların təsirinə məruz qalan biomüxtəlifliyin qorunmasına yönəltməkdir. Hər il bir deviz altında qeyd edilən bu günün cari ildəki şüarı “Razılaşmadan fəaliyyətə: Biomüxtəlifliyin bərpası”dır.
Planetin bioloji müxtəlifliyi bu gün sürətlə azalır. Bitkilər, heyvanlar və meşələr Yer üzündən yoxa çıxır. Bir milyon flora və fauna növü yox olmaq təhlükəsi altındadır. Bunun çoxu insan fəaliyyəti ilə bağlıdır.
Yer planetində növlərin bioloji müxtəlifliyinin gələcək taleyi ilə bağlı narahatlıq 1992-ci ildə Rio-de-Janeyroda keçirilən BMT-nin Ətraf Mühit və Davamlı İnkişaf Konfransında bütün dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Bununla bağlı Bioloji Müxtəliflik haqqında Konvensiya qəbul edildi və hazırda 200-ə yaxın dövlət onun iştirakçısıdır. Konvensiyaya qoşulmuş ölkələrin qarşıya qoyduğu məqsədlər aydındır: ekoloji sistemlərin bioloji müxtəlifliyinin qorunması, bioloji müxtəlifliyin komponentlərindən davamlı istifadə və genetik ehtiyatların istifadəsindən fayda əldə etmək. Beynəlxalq Bioloji Müxtəliflik Gününün əsas vəzifəsi ictimaiyyətin diqqətini Yer kürəsində flora və faunanın çoxsaylı nümayəndələrinin bərpa olunmaz şəkildə yoxa çıxması probleminə cəlb etməkdir.
Son 20 ildə gərgin səylərə baxmayaraq, planetin biomüxtəlifliyi azalmaqda davam edir və ekoloji tarazlıq hələ də dəyişməkdədir. Ekoloji sistemin təqribən 60 faizi deqradasiyaya uğrayıb və ya ehtiyatsız istifadə olunur. Bu da biomüxtəlifliyin itirilməsinə və növbəti 50 ildə daha da pisləşə biləcək ağır nəticələrə gətirib çıxara bilər.
Planetdə həyatın müxtəlifliyinin qorunması uğrunda mübarizə aparmağın yollarından biri də nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunması, təbiətə qayğıdır.
2022-ci ilin dekabrında Monrealda Bioloji müxtəlifliyik barədə Konvensiyanın tərəflərinin Konfransında flora və faunanın itirilməsi tempini azaltmağa kömək edəcək və okeanların müdafiəsini təmin edəcək tarixi saziş təsdiqlənib. Həmin saziş 2050-ci ilə qədər növlərin itkisini dayandırmaq və bərpa etmək üçün məqsədləri və xüsusi tədbirləri müəyyən edir. Azərbaycan flora növlərinin ümumi sayına görə Cənubi Qafqazın ən zəngin ölkəsidir. Burada rast gəlinən bitki növləri Cənubi Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66 faizini təşkil edir. Respublikamız üçüncü dövrə aid olan relikt (qədim bitkilər) cinslərlə də zəngindir ki, bunların nümayəndələrinə bütün zonalarda, xüsusilə cənub zonasında daha çox rast gəlinir. Dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, bigəvər, şümşad və s. misal göstərmək olar. Ölkəmizdə 240 endemik, yəni dünyanın başqa yerlərində rast gəlinməyən bitki növü mövcuddur ki, bu isə ümumi floranın 6 faizə qədərini təşkil edir.
Azərbaycanın heyvanlar aləminin zənginliyi barədə ilk məlumata şərq səyyahlarının yazılarında rast gəlmək olar. Heyvanat aləminin Azərbaycanda yayılmasına relyef şəraiti və ona uyğun olan bitki örtüyünün dəyişməsi, su hövzələrinin yerləşməsi təsir edir. Burada mindən çox ali heyvan növü yaşayır. Onların 618 növünü onurğalı heyvanlar, o cümlədən 97 növünü məməlilər təşkil edir. Ölkədə qeydə alınan heyvanların 58 növü sürünənlərdən, 11 növü suda-quruda yaşayanlardan, 357 növü quşlardan, qalanı onurğasız heyvanlardan ibarətdir. Həşəratların isə ölkədə 12 min növü yayılıb.
Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinə - milli parklar, dövlət təbiət qoruqları, dövlət təbiət yasaqlıqları daxildir. Respublikamızda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı mövcuddur. Xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 893 min hektara bərabərdir və ölkə ərazisinin 10,31 faizini təşkil edir.
Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasına 1910-cu ildən başlanılıb. 3500 hektar sahədə yaradılmış Eldar şamı Botaniki Yasaqlığı Azərbaycanın, eləcə də Cənubi Qafqazın ilk xüsusi mühafizə olunan təbiət ərazisi hesab edilir. Ölkəmizdə milli parkların yaradılmasına isə 2003-cü ildən etibarən başlanılıb.
İşğaldan azad olunmuş torpaqlarımızda 6 xüsusi mühafizə olunan təbiət ərazisi fəaliyyət göstərir. Onlardan ikisi dövlət təbiət qoruğudur - Bəsitçay və Qaragöl qoruqları, dördü isə yasaqlıqdır - Daşaltı, Laçın, Qubadlı, Arazboyu. Otuz ilə yaxın müddətdə həmin qoruq və yasaqlıqlar talan olunub, onların əksər hissəsi məhv edilib. İşğaldan azad olunmuş torpaqlarımızda yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinə dəymiş ziyanın hesablanması məqsədilə monitorinqlər aparılır. Həmçinin həmin ərazilərdəki qoruqlar, yasaqlıqlar yenidən qurulacaq, bərpa olunacaq.
Bəsitçay Dövlət Təbiət Qoruğunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq Sərəncamı var. Sərəncamdan irəli gələn bəzi işlər həyata keçirilib. Qoruğun xəritəsi hazırlanıb, ərazidə inventarlaşma işlərinə start verilib. Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları ilə birgə əraziyə bir neçə dəfə səfər edilib. ANAMA mütəxəssisləri tərəfindən ərazilər təmizləndikcə mütəmadi olaraq həmin işlər həyata keçirilir. 22 hektar təmizlənmiş ərazidə fototələlər də quraşdırılıb ki, orada hansı heyvanların mövcud olduğu öyrənilsin. Gələcəkdə reintroduksiya tədbirlərində həmin informasiyalardan istifadə olunacaq. Artıq bir neçə fauna növü fototələlərə düşüb.
“Qırmızı kitab” Azərbaycan ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. O, respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycana aid olan hissəsində heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları əks etdirir. “Qırmızı kitab”ın üçüncü nəşri mayın 23-də Azərbaycan Milli Elmlər Akademiyasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən bioloji müxtəlifliyin qorunması mövzusunda konfransda təqdim ediləcək.

Ekologiya 2023-05-22 11:56:00