×
A
A
A
Sazlamalar

Yerli sortların regiona uyğun seçilməsi taxıl sahələrindən yüksək məhsul götürməyə imkan verəcək

Füzuli, 22 may, Aydın Yavərzadə, AZƏRTAC

Füzulidə sınaq üçün əkilən yerli sort taxıl toxumları yüksək çıxış verib, yerli iqlimə uyğunlaşan sortlar müəyyən edilib. Gələcək hədəf sahələrdən 60 sentnerdən çox məhsul götürməkdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, respublikada taxılçılığın inkişafı, xüsusilə yerli sortlardan istifadə edərək regiona uyğun toxumların seçilməsi üçün sınaq əkinlər aparılır.
Beyləqan Regional Təlim Mərkəzinin rəhbəri Namiq Hüseynov bildirib ki, hazırda 30 rayonda sınaq davam etdirilir. Füzuli rayonunda sınaq əkinlər üçün 1 hektar ərazi ayrılıb və beşi buğda, ikisi arpa olmaqla, yeddi sort sınaq üçün təqdim olunub. Artıq gözlənilən nəticə əldə edilib. Yerli sortlar Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən yetişdirilən toxumlardan ibarətdir. Sınaq zamanı yerli sortların iqlimə uyğunlaşdırılması, məhsuldarlığı və xəstəliyə dözümlü olması vacib amil kimi götürülür.
Sortların sınaqdan uğurlu çıxması ilə əlaqədar fermerlərlə birlikdə sahəyə baxış keçirilib. Təcrübəli fermerlər və mütəxəssislərlə birgə əldə edilən nəticələr barədə fikir mübadiləsi aparılıb. Uzun illərdir ki taxılçılıqla məşğul olan fermer Ziyad Xanlarov deyir ki, səpini aparılan “Qobustan” sortundan olan buğda daha məhsuldardır. Bu toxumdan 60-70 sentner məhsul əldə etmək olar. Eyni zamanda, yerli sortların yaradılmasının əhəmiyyətindən də söhbət açan təsərrüfat sahibi bildirir ki, əvvəllər toxumlar xaricdən gətirilirdi. Bu, həm çəkilən xərci artırırdı və həm də az məhsul əldə olunurdu. Lakin son illər yaradılan yerli sort toxumlar öz məhsuldarlığı ilə seçilir.
Yerli sortların regiona uyğun seçilməsi işğaldan azad olunan ərazilərdə də taxıl əkinindən yüksək məhsul götürməyə imkan yaradacaq. Füzuli Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Hüseyn Abbasovun sözlərinə görə, torpaqlarımız azad olunandan sonra Füzulidə təkcə taxıl sahələrinin ərazisi 11500 hektardan çox artıb. Hazırda ərazilər minalardan təmizləndikcə əkin sahələri də genişlənir. Sınaqdan uğurla keçən sortların həmin ərazilərdə əkilərək yüksək məhsul götürülməsi nəzərdə tutulub.
Cari ilin məhsulu üçün isə Füzuli rayonunda 54 min hektara yaxın sahədə taxıl əkilib və yüksək çıxış əldə olunub.

Kənd təsərrüfatı 2023-05-22 10:23:00