×
A
A
A
Sazlamalar

Günnüt əməliyyatının uğurla yerinə yetirilməsi hərbçilərimizin döyüş qabiliyyətinin yüksək səviyyədə olmasını sübuta yetirdi – Şərh

Bakı, 20 may, AZƏRTAC

Birinci Qarabağ müharibəsi nəticəsində torpaqlarımız uzun müddət düşmən nəzarəti altında qaldı. Bu səbəbdən də baş verə biləcək müharibə riskini nəzərə alan Azərbaycan Silahlı Qüvvələri mütəmadi olaraq təlimlər keçirir, texnika baxımından müasir silahlarla təchiz olunurdu. Təlimlərin gələcək nəticəsi kimi Azərbaycan Ordusunun qarşısında duran əsas məqsəd və vəzifə torpaqlarımızı düşmən işğalından azad etmək idi. Ordumuz isə təlimlərdə qazanılmış təcrübəni və müasir silahları döyüşdə tətbiq etmək bacarığını gec-tez sübut edəcəkdi. Bütün bunların fonunda ilk olaraq 2016-cı il Aprel döyüşlərini, 2018-ci ildə Günnüt əməliyyatını qeyd edə bilərik. Hər iki əməliyyat ordumuzun gələcək uğurları üçün bir yol xəritəsi oldu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi ekspert Azər Bayramov söyləyib.
O qeyd edib ki, Əlahiddə Ümumqoşun Ordunun hazırlıqlı bölmələri tərəfindən Günnüt əməliyyatının uğurla yerinə yetirilməsi hərbçilərimizin döyüş qabiliyyətinin yüksək səviyyədə olmasını sübuta yetirdi. Bu əməliyyat, eyni zamanda, bölmələrin müasir döyüş üsullarına uyğun olaraq koordinasiyalı şəkildə hərəkətini göstərdi, müasir silahların tətbiqi də hücumun uğurlu nəticələnməsinə səbəb oldu.
“Xalqımız uzun illər idi ki, işğala məruz qalmış torpaqlarını düşmən işğalından azad etmək arzusu ilə yaşayırdı. Əlbəttə, bu arzunun Günnüt əməliyyatı zamanı Azərbaycan xalqının, eyni zamanda, Ordumuzun mənəvi-psixoloji vəziyyətinin və ruh yüksəkliyinin artmasında böyük xidməti oldu.
Ordunun təlim-məşqləri və silah-sursatla davranışları ilə yanaşı, onun mənəvi-psixoloji hazırlığının da yüksək olması vacibdir. Qeyd olunan amillər isə İkinci Qarabağ müharibəsində Qələbəmiz şərtləndirdi.
İlkin olaraq işğal olunmuş torpaqlarımızı azad etmək, orduda olan çatışmazlıqları öncədən görmək və aradan qaldırılmaq üçün zəruri tədbirlərin görülməsi hər bir təlimin əsas ana məqsədlərindən biridir. Əməliyyatlarla yanaşı, Azərbaycan Ordusu bir daha bütün imkanlarını nəzərdən keçirdi. Bununla da ordumuzun Vətən müharibəsində daha səmərəli döyüş aparması üçün zəmin yarandı”, - deyə hərbi ekspert vurğulayıb.
A.Bayramov deyib: “Bundan başqa, Ali Baş Komandanın verdiyi tapşırıqlara uyğun olaraq Azərbaycan Ordusunun daha müasir, yeni türk modelinə keçməsi ilə əlaqədar islahatlar aparılır. Bu da birbaşa onu deməyə əsas verir ki, İkinci Qarabağ müharibəsində qazandığımız Qələbədən sonra Azərbaycan Ordusu zamanın tələblərinə uyğun olaraq istər şəxsi heyətin yeni model üzrə yetişdirilməsi, istər təlimlərin keçirilməsi, istərsə də bölmələrimizin müasir silah-sursat və texnologiyalarla təchiz olunması baxımından inkişaf edir. Beləliklə, hərbi avadanlıqların və eyni zamanda, müasir silahların, texnikaların uğurlu tətbiqi bu gün dinamik şəkildə nəticəsini verməkdədir.
Tam əminliklə deyə bilərik ki, hazırda Azərbaycan Ordusu hətta Vətən müharibəsi dövrü ilə müqayisədə daha da güclənib. Bu da o deməkdir ki, ordumuz hazırda istənilən döyüş tapşırıqlarını yerinə yetirməyə hazırdır və qadirdir”.

Ordu 2023-05-20 19:03:00