×
A
A
A
Sazlamalar

Sahil zolağı tullantılardan təmizlənib

Bakı, 20 may, AZƏRTAC
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin, eləcə də EcoHub ekoloji platformasının könüllülərinin iştirakı ilə Xəzər dənizinin Bilgəh sahilində təmizlik aksiyası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aksiya zamanı sahil zolağı plastik və digər tullantılardan təmizlənib, 240 kiloqram tullantı toplanaraq çeşidlənib və aidiyyəti üzrə daşınıb.
Təmizlik aksiyasının keçirilməsində məqsəd dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və ictimaiyyəti dəniz ətraf mühitinin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ətraf mühitin mühafizəsinə yönələn bu cür tədbirlərdə fəal iştirak etməyə, təbiətə qayğı və həssas münasibət göstərməyə çağırır.
Qeyd edək ki, sahilboyu ərazilərin təmizlənməsi məqsədi daşıyan bu cür aksiyaların mövsüm boyu hər həftəsonu keçirilməsi nəzərdə tutulub.

 

Ekologiya 2023-05-20 16:14:00