×
A
A
A
Sazlamalar

Media nümayəndələri Əlahiddə Ümumqoşun Orduda döyüş hazırlığı ilə tanış olublar

Bakı, 20 may, AZƏRTAC

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən mediatur çərçivəsində Naxçıvan Muxtar Respublikasına səfər edən media nümayəndələri Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində və “N” saylı hərbi hissəsində, bundan əlavə Naxçıvan Döyüş Şöhrəti Muzeyində yaradılan şəraitlə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində media nümayəndələrinə ən müasir tələblərə cavab verən taktiki simulyasiya mərkəzi və kompüter şəbəkələri barədə məlumatlar verilib. Qeyd olunub ki, atəş hazırlığı otağında yaradılan virtual təlim meydançası döyüş sursatı sərf etmədən müxtəlif şəraitdə atəşin idarəolunmasını həyata keçirməyə imkan verir. Binada, həmçinin zirehli texnika, raket-artilleriya sistemləri və rabitə, taktiki, qarovul, atəş, topoqrafiya, komandir hazırlığı, eyni zamanda, digər sinif otaqları, tədbirlər zalı var. Hərbi tədris proqramının keyfiyyətlə mənimsənilməsi, şəxsi heyətin peşəkarlığının və nəzəri biliklərinin artırılması üçün sinif otaqlarında lazımi şərait yaradılıb, kompüterlər quraşdırılıb, əyani vəsaitlər və məlumat stendləri qoyulub.
Sonra “N” saylı hərbi hissəyə gələn media nümayəndələrinə ən müasir tibbi avadanlıqla təchiz edilən xəstəxana binası barədə məlumat verilib. Bildirilib ki, xəstəxanada poliklinika-qəbul, terapiya, cərrahiyyə, anesteziologiya və reanimotologiya, təminat bölmələri və inzibati bölmə mövcuddur. Xəstəxananın poliklinika-qəbul bölməsində oftalmologiya, ginekologiya, lor, ultrasəs və elektroqrafiya kabinələri və laboratoriya fəaliyyət göstərir. Xəstəxana binasında şəxsi heyətə ilkin tibbi yardım göstərmək üçün sarğı, prosedur və təxirəsalınmaz yardım otaqları da yaradılıb. Burada şəxsi heyətin tibbi biliklərinin daha da artırılması məqsədilə hərbi tibbi hazırlıq üzrə məşğələlər keçmək üçün müasir tədris vəsaitləri ilə təmin edilən sinif və mühazirə zalı mövcuddur. Xəstəxanadakı laboratoriya müasir avadanlıqla təchiz olunub. Bu isə laborator müayinələri operativ və yüksək dəqiqliklə yerinə yetirməyə imkan verir.
Bu tibb müəssisəsinin müasir avadanlıqla təchiz olunması Azərbaycanda ordu quruculuğu sahəsinin inkişafına göstərilən dövlət qayğısının əyani təzahürüdür. Bütün bunlar bir daha sübut edir ki, dövlətimizin başçısı əsgər və zabitlərin sağlamlığının qorunmasına, həmçinin sosial məsələlərinin həllinə xüsusi həssaslıqla yanaşır və bu istiqamətində mühüm işlər görür.
Diqqətə çatdırılıb ki, hərbi hissədə əsgər yataqxanaları, əsgəri-məişət kompleksi, təlim-tədris mərkəzi, qərargah binası, sıra meydanı, idman şəhərciyi də var.
Media nümayəndələri şəxsi heyətin sosial-məişət və xidmət şəraiti ilə yaxından tanış olublar. Qeyd olunub ki, hərbi hissədə əsgər yataqxanası, zabitlər və gizirlər otağı, tibb məntəqəsi, yeməkxana, camaşırxana, mətbəx, silah otağı, hamam-sanitar qovşaq, qurutma otağı, ərzaq və əşya anbarları var.
Həmçinin Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrinin döyüş hazırlığı prosesində yerinə yetirdiyi tədbirlər də təşkil edilib. Xüsusi təyinatlılar şəhər döyüşləri, bina əməliyyatları, şərti olaraq helikopterin qarşılanması, təyin olunan əraziyə endirilməsi və qrupun təxliyəsi, sərt qayalıqdan enişlər, qayadan qayaya keçidlər, əlbəyaxa döyüşlər və bıçaqatma məşğələləri nümayiş etdiriblər. Bundan əlavə, sıx atəş altında qrupun irəliləməsi və darağın dəyişməsi, xüsusi maneələrin aşılması prosedurları da əyani olaraq göstərilib.
Mediatur Naxçıvan şəhərində açıq səma altında fəaliyyət göstərən Naxçıvan Döyüş Şöhrəti Muzeyində yekunlaşıb. Qeyd olunub ki, ümumi sahəsi 13 min kvadratmetr olan muzeydə silah, texnika və qurğular – haubitsa, top və minaatanlar, hava hücumundan müdafiə üzrə döyüş maşınları, zenit raket və qurğuları nümayiş olunur. Burada “Mi-8T” döyüş-nəqliyyat helikopteri, yerqazan və maneələğvetmə maşınları, tanklar, piyadanın döyüş maşınları, zirehli transportyor və döyüş kəşfiyyat maşınları, dartıcılar, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər də yer alıb.

Ordu 2023-05-20 15:57:00