×
A
A
A
Sazlamalar

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində tədbir: Günnüt zəfəri Qarabağa gedən yol

Bakı, 20 may, AZƏRTAC

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində “Günnüt zəfəri Qarabağa gedən yol” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Prezident İlham Əliyevin Günnüt əməliyyatı ilə bağlı çıxışını əks etdirən videoçarx nümayiş olunub.
Sonra Qarabağ və Günnüt zəfərinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər və mahnılar oxunub.
Günnüt əməliyyatının iştirakçısı olan hərbçilər tədbirdə çıxış edərək keçdikləri döyüş yolu barədə öz xatirələrini bölüşüblər.
Vurğulanıb ki, Günnüt əməliyyatı Azərbaycan Ordusunun peşəkarlığının təsdiqi kimi, dəqiq və planlı şəkildə hazırlanmışdı. Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrinin yüksək peşəkarlığı sayəsində əməliyyat zamanı Ermənistanla üzbəüz mövqelərdə strateji yüksəkliklər ələ keçirildi. Bu da Vətən müharibəsi zamanı ermənilərin hərəkətlərini müşahidə etməyə imkan verdi.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının yüksək diqqəti və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü orduları sırasındadır.
Diqqətə çatdırılıb ki, ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilib. 2018-ci ilin may ayında Əlahiddə Ümumqoşun Ordunun 26 il işğal altında olan Şərur rayonunun Günnüt kəndini və 11 min hektar ərazini azad edərək mühüm strateji üstünlüklərə yiyələnməsi isə böyük Zəfərə gedən yolun başlanğıcı olub.
Daha sonra Günnüt əməliyyatinda şəhid olan Adil Tatarovun xatirəsi anılıb, onun həyatından bəhs edən film nümayiş olunub.
Tədbir Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş rəqslə yekunlaşıb.

Ordu 2023-05-20 14:16:00