×
A
A
A
Sazlamalar

Ekstremal hava hadisələri və təbii fəlakətlər daha tez-tez baş verir

Bakı, 20 may, AZƏRTAC

İstixana qazlarının tullantıları artmaqda davam edir, iqlim xaosu getdikcə daha çox hiss olunur, ekstremal hava və təbii fəlakətlər çoxalır. Eyni zamanda, heç də bütün ölkələr, regionlar və cəmiyyətlər təbii kataklizmlərdən və onların nəticələrindən müdafiə olunmayıb.
BMT-nin Baş Assambleyasında bütün dünyadan olan 500-dən çox nümayəndə 2015-2030-cu illərdə fəlakətlər riskinin azalması üzrə Senday Çərçivə Proqramının yerinə yetirilməsini müzakirə ediblər. BMT qeyd edir ki, proqramın realizə edilməsi yavaş templərlə gedir. Keçmişdə baş verən bir çox hadisələrdən nəticə çıxarılmayıb. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, Senday Çərçivə Proqramının ortamüddətli icmalının nəticələri və tövsiyələrinə dair hesabatda deyildiyinə əsasən, “irəliləyiş ləngiyib”, bəzi hallarda isə hətta geriləyib.
“Səkkiz il ötəndən sonra etiraf etməliyik ki, proqramın yerinə yetirilməsində irəliləyiş günümüzün aktual problemlərinə uyğun deyil”, – deyə Baş Assambleyanın sədri Çaba Kereşi bildirib. “Biz sistemlərimizi və strukturlarımızı təkrar dərk etməli, qurmalıyıq. Biz antropogen iqlim dəyişməsinə görə çox böyük məsuliyyətimizi etiraf etməliyik. Fəaliyyətimizin ekoloji və digər nəticələrini düzgün qiymətləndirməliyik”, – deyə o əlavə edib.
Narahatlıq doğuran tendensiyaların arasında – 2015-ci ildən bəri təbii fəlakətlərdən zərər çəkmiş insanların sayının 80 faiz artmasıdır. Bundan əlavə, BMT-nin bildirdiyinə görə, təbii fəlakətlər həmişəki kimi çox böyük– 2015-2021-ci illərdə orta hesabla illik 330 milyard dollardan çox məbləğdə iqtisadi itkilərə gətirib çıxarır. Bununla belə, fəlakətlər riskinin azalması üzrə tədbirlərin maliyyələşdirilməsi mütənasib şəkildə artırılmayıb.
“Birlikdə biz idarəetmə sistemlərini və maliyyə sistemlərini elə şəkildə müasirləşdirməliyik ki, risklərin idarə olunması sahəsində məsuliyyəti təmin edə bilək, insanlar və təbii kapital resurslarını işə salmağa nail olaq”, – deyə BMT-nin Baş katibinin birinci müavini Əminə Məhəmməd iclasın açılışında bildirib.
Senday proqramı təbii fəlakətlər nəticəsində ölüm hallarının sayının və dağıntıların azalması üçün qlobal əsasdır. Bu proqram 2015-ci il martın 18-də Yaponiyanın Senday şəhərində keçirilən təbii fəlakətlər təhlükəsinin azalması üzrə üçüncü Ümumdünya konfransında BMT-nin 187 üzv dövləti tərəfindən qəbul olunub.
Sənəddə qarşıya yeddi məqsəd qoyulub: 2030-cu ilə qədər zəlzələ, daşqın, qasırğa və digər təbii fəlakətlər nəticəsində baş verən ölüm hallarının əhəmiyyətli dərəcədə azaldılması; zərər çəkmiş insanların sayının minimuma endirilməsi; iqtisadi itkilərin azaldılması; həyati vacib olan mühüm infrastrukturun dağıdılması miqyasının azaldılması; 2020-ci ilə qədər risklərin azaldılması strategiyasının realizə edilməsi üzrə adekvat milli planlarını işləyib hazırlayan ölkələrin sayının artırılması; təbii fəlakətlərin nəticələrinin yumşaldılması işində inkişaf etməkdə olan ölkələrə yardım göstərilməsi üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi.
İclas zamanı mayın 18-də BMT-nin üzv ölkələri növbəti yeddi il ərzində təbii kataklizmlərə davamlılığının artırılmasına yönəlmiş fəaliyyəti müəyyən edən siyasi bəyannamə qəbul ediblər. Bəyannamədə ölkələr təbii fəlakətlərə qarşı preventiv yanaşmanın vacibliyini vurğulayıblar.

Ekologiya 2023-05-20 12:50:00