×
A
A
A
Sazlamalar

Xətai Tibb Mərkəzinin Ginekologiya və doğum şöbəsi əsaslı təmirdən sonra istifadəyə verilib

Bakı, 20 may, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Xətai Tibb Mərkəzinin Ginekologiya və doğum şöbəsi əsaslı təmir olunub.
TƏBİB-dən AZƏRTAC-a verilən məlumata görə, TƏBİB-in Müşahidə Şurasının sədri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və digər rəsmilərin iştirakı ilə keçirilən açılış mərasimində Xətai Tibb Mərkəzinin direktoru Ələkbər Tağıyev Ginekologiya və doğum şöbəsinin fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, şöbə 10 ildən artıq fəaliyyət göstərib. 2013-cü ildə Doğum şöbəsi müvəqqəti fəaliyyətini dayandırsa da, Ginekologiya şöbəsi əhaliyə xidmət göstərməyə davam edib.
Xəstəxananın ikinci mərtəbəsində yerləşən 22 çarpayıdan ibarət şöbə 2 əməliyyat, 2 manipulyasiya, ginekologiya və doğuş otağı olmaqla 2 qəbul, 1 sterilizasiya otaqlarından ibarətdir. Şöbədə 1 funksional diaqnostika, 5 palata, daha 5 uşaq palatası, 2 əməliyyat öncəsi geyim otağı var.
Şöbə ən yeni tibbi avadanlıqlarla, anesteziya aparatı, neonatal süni tənəffüs aparatı, isidicili uşaq bələmə masası, perfusomat, infusomat, xəstəbaşı monitor, EKG aparatı, portativ rentgen aparatı, əməliyyat masası, vakuum aspirasiya cihazı, süni tənəffüs aparatı, küveyz, avtoklav, sterilizator və s. təchiz edilib. Hazırda şöbədə 10 mama-ginekoloq, 3 həkim-neonatoloq, 5 mama, 10 tibb bacısı fəaliyyət göstərir.
Qeyd edilib ki, Xətai Tibb Mərkəzi 2 korpusdan, 152 çarpayıdan ibarətdir. Tibb mərkəzində Terapiya, Nevrologiya, Reanimasiya və intensiv terapiya, Ümumi cərrahiyyə və uşaq cərrahiyyəsi şöbələri, Bakı şəhəri üzrə yeganə 24 saat təcili və təxirəsalınmaz xidmət göstərən Otorinolarinqologiya şöbəsi var.

Səhiyyə 2023-05-20 11:22:00