×
A
A
A
Sazlamalar

Günnüt əməliyyatı Vətən müharibəsindən əvvəl düşmənə edilən ciddi xəbərdarlıq idi VİDEO

Bakı, 20 may, Elmir Səftərov, AZƏRTAC

1990-cı illər xalqımızın tarixində ağrılı-acılı günlər kimi yadda qalsa da, XXI əsr bu baxımdan Zəfər dolu anlarla müşahidə olundu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yüksək diqqəti və qayğısı nəticəsində ordumuzun maddi-texniki bazasının gücləndirilməsi isə uğurlarımızı şərtləndirən ən başlıca amil oldu. Silahlı Qüvvələrdə həyata keçirilən struktur dəyişiklikləri, döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması Azərbaycan Ordusunu gücləndirdi. Bundan əlavə, yeni hərbi birləşmələrin yaradılması, müasir silahlar və texnika ilə təchizat ordumuzun hücum və müdafiə potensialını yüksəltdi. Ölkəmizdə orduya ayrılan vəsaitlərin həcmi isə hər il artırıldı. Bütün bu dəyişikliklər isə silahlı qüvvələrimizi regionun ən güclü və hazırlıqlı ordusuna çevirdi.
2016-cı ildə uyğun zaman və məkan amilini düzgün dəyərləndirən Azərbaycan Ordusu ermənilərin növbəti təxribatı zamanı uğurlu döyüş əməliyyatı həyata keçirdi. Belə ki, Müzəffər Ali Baş Komandan, İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatına başlayan ordumuz 2016-cı ilin Aprel döyüşləri nəticəsində Lələtəpə yüksəkliyi və ətraf əraziləri düşməndən azad etdi. Dördgünlük döyüşlərin növbəti mərhələsi isə Naxçıvanda uğurla davam etdirildi.
Ali Baş Komandanın əmrinə əsasən verilən tapşırıq Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri tərəfindən reallaşdırıldı. Onlar təyin olunmuş yerlərdən ərazinin kəşfiyyatını apardı, eyni zamanda, düşmənin vəziyyətini qiymətləndirdi. Planlı şəkildə hazırlanmış və kəşfiyyat məlumatlarına əsaslanan əməliyyat düşmənin olduğu yüksəkliklərin və ərazinin dəqiqliklə incələnməsi nəticəsində həyata keçirildi. Ərazinin relyefini və minalanması ehtimalını nəzərə alan hərbçilər qarşıya qoyulmuş məqsədə çatmaq üçün zərgər dəqiqliyi ilə hərəkət etdilər.
Aprel döyüşlərindən iki il sonra mayın 20-si gecə vaxtı xüsusi hazırlıqlı bölmələrimiz müxtəlif istiqamətlərdə fəaliyyətə başladılar. Nəticədə isə bir neçə yüksəklik ələ keçirildi. Daha sonra isə digər bölmələr sol və sağ istiqamətdə irəliləyərək növbəti yüksəkliyi və Qızılqaya dağını nəzarətə götürdülər. Hərbçilərimiz isə bütün ehtimalları nəzərə alaraq hücuma keçən qüvvələrimizin müdafiəsini güclü formada təşkil etmişdilər. Yüksəkliklər sürətli hücumla ələ keçirildiyi üçün ermənilər bölmələrimizi bir qədər sonra müşahidə etməyə başladı və aldığımız əraziləri geri qaytarmaq üçün əks-həmlə etdi. Əvvəlcədən əməliyyat planı hazırlandığı üçün düşmənin hücumunun qarşısı qətiyyətlə alındı və iflasa uğradı. Strateji baxımdan əhəmiyyətli olan bu yüksəkliklərin tutulması Ermənistan Ordusunun üzbəüz mövqelərinin əhəmiyyətinin azalmasına səbəb oldu. Bu səbəbdən də düşmən mövqelərini geri çəkmək məcburiyyətində qaldı.

2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordunun uğurlu, dəqiq əməliyyatı, xüsusi hazırlıqlı hərbçilərimizin rəşadət və peşəkarlığı sayəsində 11 min hektardan çox ərazi və Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı düşməndən azad edildi. Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçdi. Əməliyyat ordumuza İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verdi. Qeyd olunan yollara nəzarət isə 44 günlük Vətən müharibəsi zamanı ermənilərin hərəkətlərini müşahidə edərək lazımi tədbirlər görməyə imkan verdi.

İyirmi altı ildən sonra əzəli torpaqlarımızın geri qaytarılması nəticəsində bölmələrimiz ilkin mövqelərindən dərinliyə doğru irəliləyərək daha əlverişli nöqtələrdə möhkəmləndilər. İşğaldan azad olunan və nəzarətə götürülən ərazilərin müdafiəsi bölmələrimizin manevr qabiliyyətinin yüksəldilməsini təmin etdi. Təminat-təxliyə məqsədilə 50 kilometrdən çox yeni yol çəkildi. 60 kilometrdən artıq yol isə bərpa olunaraq istifadəyə verildi. Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə 2000-dən çox piyada və tank əleyhinə minalar aşkarlanaraq zərərsizləşdirildi. 2018-ci ilin mayında nəzarətə götürülən və azad olunan ərazilərdəki yeni mövqelərimiz ərazidə düşmənin bütün hərəkələrini müşahidə etməyə və nəzarətdə saxlamağa imkan verir. Beləliklə, Günnüt əməliyyatı ilə dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi.
AZƏRTAC-ın müxbiri Şərur rayonunun Günnüt kəndində və ətraf strateji yüksəkliklərdə aparılan döyüş əməliyyatlarında qəhrəmanlıq göstərən Əlahiddə Ümumqoşun Ordunun bir neçə hərbi qulluqçusu ilə həmsöhbət olub.
Günnüt əməliyyatı ilə bağlı fikirlərini bölüşən hərbi qulluqçu Rəvan Yunusov deyib ki, 2018-ci ilin mayında Günnüt kəndi və ətrafındakı strateji əhəmiyyətli yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi uğurlu əməliyyat nəticəsində işğaldan azad edildi: “Dəqiqliklə planlaşdırılmış əməliyyatın uğurlu icrası bölmələrimizin ilkin mövqelərindən dərinliyə doğru daha əlverişli ərazilərdə yerləşməsinə imkan yaratdı. Mühəndis-istehkam bölmələri tərəfindən azad olunmuş ərazilərdə minalardan təmizləmə işləri aparıldı. Belə ki, 2000-dən çox piyada və tank əleyhinə mina aşkarlanaraq zərərsizləşdirildi”.
Rəvan Yunusov qeyd edib ki, təyin olunmuş vaxtda ərazinin hakim yüksəkliklərinə yiyələnməyimiz düşməni qorxuya salıb. Nəticədə də onlar postlarını, mövqelərini tərk etməyə məcbur olublar.

Günnüt əməliyyatının iştirakçısı, hərbi qulluqçu Kamal Hüseynov bildirib ki, 2018-ci ilin may ayında Əlahiddə Ümumqoşun Ordu bu əməliyyatı planlaşdırdı və uğurlu şəkildə həyata keçirdi. “Hakim yüksəklikləri qruplarımızın və bölmələrimizin koordinasiyalı şəkildə birgə fəaliyyəti ilə ələ keçirdik. Döyüşün gedişində ermənilər müqavimət göstərərək bir neçə dəfə əks-hücuma keçdi. Buna baxmayaq, düşmənin bütün həmlələrinin qarşısı layiqincə alındı və onlara tutarlı cavab verildi”, - deyə Kamal Hüseynov vurğulayıb.

O əlavə edib ki, cəld hərəkət edərək gecə vaxtı düşmənin gözləmədiyi bir anda yüksəkliklərdə yerləşdik. Sürətli əməliyyat düşmənin canına qorxu saldı və sarsılmaz zərbə vurdu. Hakim yüksəklikləri təmizləyərkən heç bir itki vermədik. Əməliyyat nəticəsində 11 min hektar ərazi nəzarətimizə keçdi.

Əlahiddə Ümumqoşun Ordunun hərbçisi leytenant Əhməd Cəfərov Günnüt əməliyyatını belə xatırlayır: “2018-ci ilin mayında növbəti düşmən təxribatının qarşısını almaq məqsədilə bizim bölmələr həyəcan siqnalı ilə Günnüt kəndi ətrafındakı strateji əhəmiyyətli yüksəkliklərə çıxarıldı. Ermənilərin qurduğu istehkamlara və ərazinin minalı olmasına baxmayaraq, bölmələrimiz uğurlu hücumla tapşırığı müvəffəqiyyətlə yerinə yetirdilər”.

Ə.Cəfərov diqqətə çatdırıb ki, Günnüt zəfəri dəqiq və planlı şəkildə həyata keçirildi.

Günnüt əməliyyatının əhəmiyyətindən danışan hərbi qulluqçu Şahmar Tağıyev deyib ki, bu döyüşlə Naxçıvan Muxtar Respublikasının ərazisində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinə yaxın kəndlərdə yaşayan dinc əhalinin təhlükəsizliyi təmin edildi. Çünki Ermənistanın hərbi təxribatları yaxın ərazilərdə yaşayan əhalinin təhlükəsizliyini ciddi şəkildə təhdid edirdi.

Bildirib ki, komandanlıq tərəfindən bölmələrimizin qarşısında qoyulan əsas tapşırıq erməni hərbi birləşmələrinin atəş nöqtələrini məhv etmək, hakim yüksəklikləri ələ keçirmək və strateji əhəmiyyətli mövqelərin azad olunaraq mühafizə edilməsi idi.

Əlahiddə Ümumqoşun Ordunun zabiti leytenant Kamran İbrahimov qeyd edib ki, düşmən təxribatı nəticəsində 1992-ci ildə Şərur rayonunun Günnüt kəndi ermənilər tərəfindən işğal olunub. 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordunun bölmələrinə verilmiş tapşırıq Şərur rayonunun Günnüt kəndinin düşmən tapdağından azad edilməsi idi. “Biz bu tapşırığı aldıqdan sonra kəndin ətrafında ərazinin kəşfiyyatını apardıq. Müəyyən olundu ki, ərazi yüksək dağlara və əhəmiyyət kəsb edən yüksəkliklərə malikdir. Nəticədə biz kiçik qruplar şəklində kəndin strateji mövqelərini ələ keçirdikdən sonra istehkam cəhətdən orada bərkitmə işləri apardıq.

Ərazinin yüksəklikləri tutulduqdan bir neçə gün sonra düşmən planlı və hazırlıqlı şəkildə hücuma keçdi. Əvvəlcə onlar şok atəşi ilə olduğumuz mövqelərə zərbələr endirdilər. Biz isə əvvəlcədən orada istehkam işləri aparmışdıq. Bu səbəbdən də ermənilərin itirilmiş əraziləri geri qaytarmaq üçün etdiyi cəhdlər uğursuzluqla nəticələndi. Əlahiddə Ümumqoşun Ordunun zabiti olaraq ilk uğurlu əməliyyatımız Günnüt zəfəri, ikincisi isə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi oldu”, - deyə Kamran İbrahimov sözlərinə əlavə edib.

“Günnüt əməliyyatı Vətən müharibəsindən əvvəl düşmənə edilən ciddi xəbərdarlıq idi ki, Azərbaycan Ordusu hər an torpaqlarını işğaldan azad edə bilər. Lakin ermənilər bundan dərs çıxarmadı. Nəticədə isə növbəti uğurlu əməliyyat - Vətən müharibəsi başladı. Hərbi əməliyyatlar zamanı Xocavənd rayonunun Hadrut qəsəbəsində, Xocalının Qarabulaq və Çanaqçı yüksəkliyində, sonra isə Şuşa şəhərində gedən döyüşlərdə iştirak etdim.
Mən döyüş əməliyyatlarında iştirakıma görə “Döyüşdə fərqlənməyə görə”, “Şücaətə görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişəm”, - deyə leytenant K.İbrahimov vurğulayıb.

Ordu 2023-05-20 10:30:00

Video