×
A
A
A
Sazlamalar

“N” hərbi hissəsində “Heydər Əliyev İli” ilə bağlı tədbir keçirilib

Bakı, 19 may, AZƏRTAC
Ölkəmizdə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar Ulu Öndərin anadan olmasının 100-cü ildönümü münasibətilə "N" hərbi hissəsində tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü və şəhidlərin abidəsi önünə gül dəstələri düzülüb, Ulu Öndərin və qəhrəman Vətən övladlarının əziz xatirələri dərin ehtiramla yad edilib.
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nümayəndələri və hərbi qulluqçuların iştirakı ilə keçirilən tədbirdə Ulu Öndərin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər millətini zamanın sərt sınaqlarından böyük məharətlə çıxaran Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, çoxşaxəli fəaliyyətindən, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıblar.
Qeyd olunub ki, Əbədiyaşar Liderin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Ordusu 30 illik həsrətə Vətən müharibəsində son qoydu, işğal olunmuş əzəli və əbədi torpaqlarımızı azad edərək tarixi ədaləti bərpa etdi.
Sonda Ümummilli Lider Heydər Əliyevin zəngin, mənalı həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Ordu 2023-05-19 17:12:00