×
A
A
A
Sazlamalar

"PAŞA Bank"ın kredit portfeli 9 faiz artıb

Bakı, 18 may, AZƏRTAC

"PAŞA Bank" Qarabağda fəaliyyət göstərən dövlət və qeyri-dövlət şirkətlərinə 7 milyon manat ianə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə "PAŞA Bank"ın İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev bankın ötən ilin fəaliyyət nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.
C.Quliyev qeyd edib ki, "PAŞA Bank" ötən il Azərbaycanın işğaldan azad olunmuş ərazilərində fəaliyyət göstərən müştərilərinə 132 milyon manat maliyyə yardımı göstərib. “Bank olaraq Qarabağın bərpasında və yenidən qurulmasında iştirak etməyi özümüzə borc bilirik", - deyə o qeyd edib.
Təmsil etdiyi qurumun 16 ildir fəaliyyət göstərdiyini vurğulayan baş icraçı direktor bildirib: “Bank 2022-ci ildə də Azərbaycanın maliyyə sektorunda öz mövqeyini qorumağa və fəaliyyətini daha da genişləndirməyə davam edib. Bankın kredit portfeli ötən il 9 faiz artaraq 2 milyard 279 milyon manata çatıb. "PAŞA Bank" 2022-ci ildə 2 milyard 700 milyon manat həcmində kredit portfelinə sahib olub və bu kreditlərin 2 milyard 300 milyon manatı biznes kreditləridir.
Qeyd edilib ki, beynəlxalq maliyyə institutları ilə əhatəli danışıqlar sayəsində genişmiqyaslı maliyyə alətlərindən istifadə imkanı əldə edən “PAŞA Bank” korporativ müştərilərinə daha çox ticari maliyyə xidmətləri göstərməyə nail olub. Bank, həmçinin “Standard & Poor's” qlobal reytinq agentliyindən kredit reytinqi aldıqdan sonra müştərilərin maliyyələşdirilməsi üçün daha yaxşı şərtlər əldə edib. Bank institusional səviyyədə müştərilərlə münasibətdə məhsuldarlığı artıraraq vaxtında peşəkar xidmətlər göstərmək üçün müxtəlif seminarlar və təlimlər keçirib.

Maliyyə 2023-05-18 21:25:00